Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,2 % səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki qiymətləndirmədən 0,4 faiz bəndi yüksəkdir.
FED.az xəbər verir ki, ADB 2026-cı ildə ölkədə inflyasiyanın 3,5 %-ə düşəcəyini gözləyir. Müqayisə üçün qeyd edək ki, bankın proqnozlarına görə, Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya 2025-ci ildə 6,9 %, 2026-cı ildə isə 5,9 % təşkil edəcək.
Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 %-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir.
Beynəlxalq reytinq agentlikləri də mülayim proqnozlar verir: “S&P Global” 2025-ci ildə 4 %, 2026-cı ildə isə 3 % gözləyir, oxşar proqnozu “Moody's” agentliyi də dərc edib.
Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 % təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 %-ə yüksəlib. (Report)