Dollar, vergi islahatı layihəsinin Senatdan keçməsi, ABŞ Prezidentinin uzun zamandan bəri gözlənən infrastruktur planını gələn ay açıqlayacağına dair xəbərlər, məşğulluq hesabatı və Fed-in faiz qərarı öncəsi bahalaşıb.
Yeni vergi islahatı ABŞ şirkətlərindən alınan verginin 35%-dən 20%-ə endirilməsini, xaricdəki vəsaitlərini ABŞ-a gətirən şirkətlərdən bir dəfə vergi tutulmasını nəzərdə tutur. Yeni vergi dərəcələrinin qüvvəyə minməsinin ABş-da iqtisadi inkişafı sürətləndirəcəyi bildirilir.
Trump-ın infrastruktur planı büdcədən investisiyaları artıracaq. Bu xərclərin də iqtisadi inkişafı daha da canlandıracağı hesab olunur.
Treyderlər bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq hesabatını və gələn həftəki Fed-in faiz qərarını gözləyərkən, Dollar, G-10 pullarının hamısı qarşısında yüksəlib.
Avro dollar qarşısında ucuzlaşaraq 1.1761 səviyyəsinə düşüb.
Bu gün ABŞ-da iki mühüm göstərici - kənd təsərüfatı xaric məşğulluq və işsizlik məlumatları açıqlanacaqdır. Noyabrda ABŞ-da məşğulluğun 200 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 261 min artmışdı. Ölkədə işsizlik nisbətinin dəyişməyərək 4.1%-də qalacağı gözlənilir.