Dövlət Neft Fondunun 2025-ci il üçün təsdiq edilmiş və 2026-cı il üzrə proqnozlaşdırılan büdcə göstəriciləri açıqlanıb. Hesablama Palatasının müvafiq hesabat məlumatları əsasında hazırlanmış cədvələ əsasən, 2026-cı il büdcəsi həm gəlir, həm də xərc istiqamətləri üzrə azalma fonunda formalaşdırılıb və cüzi profisitlə proqnozlaşdırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, məlumatlara görə, 2025-ci ildə Fondun cəmi gəlirləri 14 milyard 452 milyon 465,2 min manat, 2026-cı ildə isə 13 milyard 032 milyon 340,5 min manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərin azalması əsasən neft hasilatının həcminin aşağı düşməsi, xam neftin satış qiymətinin 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması, akrhesab ödənişlərinin 2026-cı il üçün nəzərdə tutulmaması, həmçinin tranzit və bonus gəlirlərinin minimallaşdırılması ilə əlaqədardır.
Gəlirlərin strukturuna əsasən, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 2025-ci ildə 9 milyard 797 milyon 268 min manat, 2026-cı ildə isə 8 milyard 550 milyon 990,1 min manat təşkil edəcək. Tranzit gəlirləri 25 milyon 391,9 min manatdan 3,7 min manata qədər azalacaq, akrhesab ödənişləri isə 2026-cı il üzrə ümumiyyətlə nəzərdə tutulmayıb.
Eyni zamanda, Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 3 milyard 462 milyon 265,7 min manatdan 4 milyard 075 milyon 846,5 min manata yüksələcəyi proqnozlaşdırılır. Bonus ödənişləri üzrə gəlirlər 767 milyon 720 min manatdan 1 milyon 078,7 min manata enəcək. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividendlər isə 396 milyon 219 min manatdan 404 milyon 421,5 min manata artacaq.
Xərclərə gəldikdə, 2025-ci ildə 14 milyard 640 milyon 224,9 min manat olan Fondun cəmi xərclərinin 2026-cı ildə 13 milyard 016 milyon 021,6 min manata enəcəyi proqnozlaşdırılır. Xərclərin azalması əsasən dövlət büdcəsinə transfertin yuxarı həddinin 14 milyard 481 milyon manatdan 12 milyard 835 milyon manata endirilməsi ilə izah olunur.
Bununla yanaşı, 2026-cı il büdcəsində bir sıra sosial və strateji istiqamətlər üzrə xərclər də nəzərdə tutulub. Belə ki, 2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində xərclər 24 milyon 713,4 min manatdan 7 milyon 095 min manata azaldılıb.
Eyni zamanda, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi 90 milyon 786 min manatdan 92 milyon 729 min manata artırılıb.
2026-cı il büdcəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi üçün 32 milyon 832,6 min manat vəsait nəzərdə tutulub. Bundan əlavə, 5 dekabr 2025-ci il tarixli Sərəncama əsasən peşə təhsili sisteminin potensialının gücləndirilməsi üzrə əlavə tədbirlərin maliyyələşdirilməsi üçün 6 milyon 440 min manat ayrılması planlaşdırılıb.
Fondun idarə edilməsi ilə bağlı xərclər isə 43 milyon 725,5 min manatdan 41 milyon 925 min manata endirilib.
Beləliklə, 2025-ci ildə 187 milyon 759,6 min manat kəsir qeydə alındığı halda, 2026-cı ildə Dövlət Neft Fondunun büdcəsinin 16 milyon 318,9 min manat profisitlə icra olunacağı proqnozlaşdırılır.










