Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Milli Məclisin müzakirəsinə təqdim edib.
2025-ci il dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edildi - SİYAHI
FED.az xəbər verir ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə artırılaraq müvafiq olaraq gəlirlər 38 milyard 316 milyon manat, xərclər isə 41 milyard 367,6 milyon manat məbləğində müəyyən olunub.
Maliyyə Nazirliyində İctimaiyyətlə Əlaqələr və Vətəndaşların Müraciətləri Şöbəsinin müdiri Mais Piriyev sosial media səhifəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdır.
"Dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistan Respublikasının genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan Respublikası tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcəkdir",- Mais Piriyev bildirib.
Qeyd edək ki, militarizasiya - silahlanma, hərbi qüvvənin gücləndirilməsinə yönəlmiş siyasət; müharibəyə hazırlıq məqsədilə hərbi gücün intensiv artırılmasıdır.