ABŞ prezidentinin ötən gün imzaladığı 2020-ci ilin hərbi büdcəsi haqqında qanun hərbi məsələlərdən çox energetika sektorunda qalmaqal yaradıb.
FED.az xəbər verir ki, buna səbəb qanunda Rusiyanın həyata keçirdiyi beynəlxalq qaz layihələrinə – «Şimal axını-2» və Rusiyanın Türkiyə ilə birgə reallaşdırdığı «Türk Axını» layihələrinə sanksiyaların nəzərdə tutulmasıdır.
Eləcə də bax: Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib
Qanuna görə, 2020-ci maliyyə ilində ABŞ-ın hərbi büdcəsi 738 milyard dollar olacaq. Bu Trampın istədiyi məbləğdən 12 milyard dollar aşağı olsa da, ötənilki büdcədən 20 mlyard dollar artıqdır.
Bu vəsaitin 658 milyard dolları ölkənin hərbi və energetika təhlükəsizliyinə sərfediləcək. ABŞ-ın xaricdəki əməliyyatları üçün 71,5 milyard dollar, təbii fəlakətlərlə mübarizə üçün 5,3 milyard dollar nəzərdə tutulub. Büdcəyə görə, ABŞ gələn ildən hərbi-kosmik qüvvələrin yaradılması və bunun üçün 40 milyon dollar nəzərdə tutulub. ABŞ və Meksiya arasında divarın tikintisinə 1,3 milyard dollar, Ukraynaya hərbi dəstək üçün 300 milyon dollar ayrılıb.
Amma budəfəki hərbi büdcənin ən maraqlı məqamları energetika sahəsinə aiddir. Söhbət ABŞ-ın Rusiya enerji layihələrinə yeni sanksiyaların tətbiq etməsindən gedir. Özü də bu dəfə bu sanksiyalar təkcə Rusiyaya deyil, Türkiyəyə də zərər vura bilər. Belə ki, büdcədə Rusiyanın Avropaya qaz ixracı üçün yeni marşrutları olan «Şimal axını 2» və «Türk Axını» layihələrinə də sanksiyaları qoyulacaq.
Doğrudur, hər iki layihə üzrə sanksiyaları gecikmiş saymaq olar. Belə ki, «Türk Axını» layihəsi demək olar ki, tikilib başa çatıb. Amma büdcədə nəzərdə tutalan sanksiyalar ABŞ-Türkiyə münasibətlərini bir az da korlaya bilər. Xatırladaq ki, Türkiyənin Rusiyadan «S-400» ZRK-lərini alması onsuz da tərəflərin münasibətlərini pisləşdirmişdi, ABŞ Türkiyəyə F-35 satmaqdan imtna etmiş, digər sanksiyalar tətbiq etmişdi. Bu dəfə Türkiyənin cavabı özünü gözlətməyib. Cümə günü Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib ki, ABŞ-ın bu addımlarv cavabsız qalmayacaq: «Onlar (yəni ABŞ tərəfi) utanmadan «Türk Axını»na qarşı sanksiyalar tətbiq ediblər. Bu bizim xalqa qarşı zor işlətməyə bərabərdir». Ərdoğan elan edib ki, rəsmi Ankara cavab tədbirləri görəcək.
«Şimal Axını-2» layihəsinə gəlincə, layihənin podratçısı olan «Nord Stream 2» şirkəti bildirib ki, tikniti işləri bir-iki aya başa çatacaq. Rusiya tərəfi də kəmərin 2020-ci ilin ortalarında işə düşəcəyini bildirib. Üstəlik, bu layihə üçün sanksiyaya Rusiya ilə yanaşı Almaniya da etiraz edib. Alman kansleri Angela Merkel bildirib ki, bu məsələni ABŞ tərəfi ilə «qətiyyətlə» müzakirə edəcək. Almaniya tərəfi hesab edir ki, ABŞ-ın bu layihəyə sanksiya qoyması Avropanın işinə qarışmaqdır.
Hazırda «Şimal Axını 2»nin tikintisi ilə İsveçrənin Allseas şirkəti məşğuldur. Onun iki gəmisi dənizdə boruları düzür. Son məlumata görə, şirkət dekabın 20-dən etibarən sanksiya səbəbindən işləri dayandırıb.