“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin növbəti monitorinq və qiymətləndirmə nəticələri elan olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı monitorinq və qiymətləndirmə nəticələrini şərh edərkən aşağıdakıları bildirib:
“2017-ci il üzrə monitorinq və qiymətləndirmə daha çox fəaliyyət-əsaslı (action-based) olduğu halda, 2018-ci ildə daha çox nəticə-əsaslı (result-based) qiymətləndirməyə üstünlük verilib. Belə ki, iqtisadi qanunauyğunluğa müvafiq şəkildə Strateji Yol Xəritələri çərçivəsində həyata keçirilən tədbirlər ilk nəticələrini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımızda 2017-ci ildə sabitləşdirmə, 2018-ci ildə canlanma və 2019-cu ildə yüksək artım tempi təmin olunub. Strateji yol xəritələrində qarşıya qoyulan əsas icra göstəricisi – ÜDM-in 3 faizdən artıq həddə artımı təmin edilib, post-neft dövründə iqtisadiyyatın yeni artım nöqtələri müəyyən olunub, dünyada 25-ci ən əlverişli biznes mühiti yaradılıb və milli iqtisadiyyat yenidən davamlı inkişaf relslərinin üzərinə qoyulub. Bu mənada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji yol xəritələrinin icrasına uyğun olaraq fəaliyyətləri monitorinq etməklə yanaşı, əldə olunan nəticələri də qiymətləndirib.
1 yanvar 2019-cu il tarixinə Strateji yol xəritələri üzrə fəaliyyətlərin 43 faizi icra edilib, 9 faizi qismən icra edilib və 48 faizinin icrası isə gözlənilir. Ayrı-ayrı strateji yol xəritələrinin 1 yanvar 2019-cu il tarixinə icra vəziyyəti aşağıdakı kimidir:
1.Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faiz qismən icra edilib və 45 faizin icrası gözlənilir.
2.Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin 64 faizi icra edilib, 8 faiz qismən icra edilib və 28 faizin icrası gözlənilir.
3.Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin 50 faizi icra edilib, 8 faizi qismən icra edilib və 42 faizin icrası gözlənilir.
4.Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin 52 faizi icra edilib, 11 faizi qismən icra edilib və 37 faizin icrası gözlənilir.
5.Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 16 faiz işlər qismən icra edilib və 37 faizin icrası nəzərdə tutulur.
6.Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan işlərin 37 faizi icra edilib, 7 faiz qismən icra edilib və 56 faizin icrası gözlənilir.
7.Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin 27 faizi icra edilib, 10 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir.
8.Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin 66 faizi icra olunub, 16 faizi qismən icra edilib və 18 faizin icrası gözlənilir.
9.Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin 33 faizi icra edilib, 12 faizi qismən icra edilib və 55 faizin icrası gözlənilir.
10.Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin 47 faizi icra edilib, 8 faizi qismən icra edilib və 45 faizin icrası gözlənilir.
11.İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin 30 faizi icra edilib, 7 faizi qismən icra edilib və 63 faizin icrası gözlənilir.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrası nəticəsində makroiqtisadi koordinasiya və makroiqtisadi sabitlik təmin edilən, büdcə qaydaları (“qızıl qayda”), ortamüddətli xərclər çərçivəsi, dövlət borcu üzrə strategiya, pul proqramı, vergi və gömrük islahatları, özəlləşdirmə gündəliyi, Məşğulluq Strategiyası, İşsizlikdən sığorta sistemi və icbari tibbi sığortanın pilot tətbiqi kimi fəaliyyətlər həyata keçirilib. Biznes islahatları satınalma, elektron məhkəmə, elektrikə qoşulma, tikinti icazələri, əmlakın qeydiyyatı, daşınar əmlakın yüklülüyü, elektron qaimə - faktura, “Yaşıl Dəhliz” və onlayn ixrac ərizəsi kimi sahələri əhatə edib. Azexport.az və Rəqəmsal Ticarət Qovşağı platformaları yaradılıb, ticarət nümayəndəlikləri, ixrac missiyaları, ticarət evləri və ixrac subsidiyaları kimi təşviq metodları istifadə edilib.
Milli iqtisadiyyat perspektivi üzrə 2019-2020-ci illərdə icrası gözlənilən əsas tədbirlər bunlardır: Adekvat iqtisadi gözləntilərin formalaşdırılması, qabaqcıl korporativ idarəetmə standartlarının təsdiqi, banklararası pul bazarının təşviqi, marketmeyker institutu, nağdsız ödənişlərin təşviqi, kapital bazarının inkişafı, prioritet sektorlarda özəlləşdirilmə, “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid və s.
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom» proqramlarının tətbiqi, paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması, meyvə, tərəvəz, kartof və bostan məhsullarının saxlanılması üçün, eləcə də taxılçılıq regionlarında kiçik və orta həcmli soyuducu anbarların yaradılması, yükdaşıma xidmətlərinin inkişaf etdirilməsi, “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması istiqamətində hədəf ölkələrə ixrac missiyaları, Aqrar Tədqiqatlar Mərkəzi və Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılması istiqamətində işlər görülüb. Görülmüş işlərin nəticəsi olaraq 2017-ci ildə kənd təsərrüfatı 2016-ci il ilə müqayisədə faktiki qiymətlərlə 4,2 faiz artıb. İqtisadiyyatın bu sektorunun dinamik inkişafı 2018-ci ildə də davam edib. Belə ki, 2018-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı faktiki qiymətlərlə 7 milyard manat olmuşdur ki, bu da 2017-ci il ilə müqayisədə 4,6 faiz artım deməkdir.
İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində «tax free», «e-viza», Azərbaycan Turizm Bürosu, ölkənin brendi, loqosu və sloqanı, turizmin marketinq strategiyası, turizm sərgilərində turoperatorların iştirakı, xaricdə Azərbaycan Turizm Agentliyinin nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər həyata keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizm sektoruna 2018-ci ildə 11 sahibkarlıq subyektinə 3 085 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bu sahədə aparılan islahatların nəticəsi olaraq, 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 2016-cı illə müqayisədə 20 faiz artaraq 2,5 milyon nəfər olmuşdur. Artım dinamikası 2018-ci ildə də müşahidə edilmişdir. Belə ki, 2018-ci ildə ölkəmizə dünyanın 196 ölkəsindən 2,8 milyondan çox əcnəbi şəxs gəlmişdir ki, bu da 2017-ci illə müqayisədə 5,7 faiz artım deməkdir.
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, «Lisenziyalar və icazələr» portalı və İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Həmçinin qanunvericiliyin təsiri analizinin tətbiqi, dövlət satınalmalarında KOB subyektlərinin minimum iştirak payı, yoxlamaların 2021-ci ilədək dayandırılması və sənaye klasterlərinin rezidentlərinə verilən güzəşt və imtiyazlar kimi tədbirlər həyata keçirilıb. Mövcud olan son statistik məlumatlara əsasən kiçik və orta sahibkarlıq subyektləri üzrə yaradılmış əlavə dəyər 2017-ci ildə 3,8 milyard manat olmuşdur ki, bu da ötən illə muqayisədə 6,1 faiz artım deməkdir. Müqayisə olunan dövr ərzində kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən əsas kapitala investisiyaların həcmi isə 3,3 milyard manat olmuşdur ki, bu da ötən illə müqayisədə 16,6 faiz çoxdur.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində yerli bazarda ehtiyaclara uyğun yeni təhsil proqramları (kurikulumlar) hazırlanıb, bir sıra peşə təhsili müəssisələrində proqramların pilot olaraq tətbiqinə başlanılıb. Habelə milli kontent, alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılanması, Enterpriseazerbaijan.com portalı, Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodu və polad boru istehsalı sahəsində fəaliyyətlər həyata keçirilib. Təkcə onu qeyd etmək olar ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən “SOCAR Polymer” zavodunun tam istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 15 faiz artacağı gözlənilir.
Logistika və ticarət üzrə Strateji Yol Xəritəsi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Astara-Astara dəmir yolu və Abşeron Logistika Mərkəzinin açılışı olub. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ildə 229,9 milyon ton yük, 2 milyard sərnişin daşınmış və hər biri üzrə daşınma 2017-ci illə müqayisədə 1,5 faiz artmışdır. Yüklərin 64,9 faizi avtomobil, 25,4 faizi boru kəməri, 6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində qanunvericilik bazası nəzərdən keçirilib və müvafiq səlahiyyətlərin Mənzil İnşaatı Dövlət Agentliyinə ötürülməsi təmin edilib. Bakıda və regionlarda ümumilikdə 47,7 ha münasib torpaq sahələri müəyyənləşdirilərək mülkiyyət hüquqlarının «MİDA» MMC-yə ötürülməsi təmin edilib. “Güzəştli mənzil” sistemi vasitəsi ilə mənzillər satışa çıxarılıb.
Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” əmək bazarının mövcud və proqnozlaşdırılan tələblərinə uyğunlaşdırılmaqla yenilənib. Koreya təhsil standartları əsasında 8 ixtisas istiqamətləri üzrə kadrların hazırlanmasını təmin edəcək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yaradılması üzrə iş aparılır. Peşə təhsili müəssisələrinə qəbulun “ASAN peşə” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində aparılması təmin edilib. «Peşə təhsili haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib və dövr ərzində 3 peşə təhsili müəssisəsi əsaslı təmir edilib, 4-ü isə yenidən qurulub.
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Bank sektorunun hərtərəfli diaqnostikası aparılıb və problemli bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlər yaradılıb. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib. Sığorta bazarının cari vəziyyətinin diaqnostikası aparılıb. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilıb və investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması istiqamətində fərdi və institusional investorlar üçün stimullar differensiallaşdırılıb. «Azərbaycan Kredit Bürosu» yaradılıb, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) və özəl kredit büroları arasında məlumat mübadiləsi təşkil edilib. Daşınar əmlakın yüklülüyünə dair qanunvericilik təkmilləşdirilib və daşınar əmlakın yüklülüyü reyestri yaradılıb. Fiziki şəxslərin əmanətləri 2018-ci ilin mart ayı ilə müqayisədə cari tarixə 8,8 faiz və ya 666 milyon manat artaraq 8,3 milyard manat təşkil edib. Bank sektorun öhdəlikləri 2018-ci illin mart ayı ilə müqayisədə cari ilin mart ayında 6,2 faiz və ya 1,5 milyard manat artaraq 25.5 milyard manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmanətlərin dollarlaşması 3,6 faiz bəndi, 2016-ci ilin mart ayı ilə müqayisədə isə 21,1 faiz bəndi azalaraq 60,8 faiz-ə çatıb. Qeyri-işlək kreditlər 2018-ci ilin mart ayı ilə müqayisədə cari ilin mart ayında 21 faiz və ya 460 milyon manat azalaraq 1,7 milyard manat təşkil edib. Qeyri-işlək kreditlərin cəmi kreditlərdə payı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz bəndi azalaraq 5,8% təşkil edib.
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib, rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işi aparılıb. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib, “Elektron hökumət” portalındakı xidmətlərə “ASAN xidmət” standartlarının tətbiqi təmin olunub və elektron xidmət provayderləri (təminatçıları) üçün texniki, texnoloji və hüquqi tələblər müəyyən edilib. İnformasiya və rabitə müəssisələri tərəfindən 2018-ci ildə 1,9 milyard manatlıq xidmət göstərilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə bu göstərici 1,7 milyard, 2016-cı ildə isə 1,6 milyard manat olmuşdur. Əvvəlki illə müqayisədə 2018-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 9,3 faiz, 2016-cı illə müqayisədə isə 16 faiz artmışdır.
Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb, kommunal xidmətlər sektorunda dövlət qurumları arasında qarşılıqlı ödəməmə üzrə problemi aradan qaldırılıb və kommunal xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi məqsədilə «ASAN Kommunal» mərkəzləri yaradılıb. Qazpaylama infrastrukturu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və modernləşdirilməsi üçün baş plan hazırlanıb. Tikinti və istismar üçün icazələrin alınması “Bir Pəncərə” prinsipi əsasında elektron şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın rəsmi internet saytı üzərindən həyata keçirilməsi təmin edilib; Sahibkarların tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması prosesi sadələşdirilib. Hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 95%-ə catmışdır və bu istiqamətdə işlər görülməkdə davam edir. Əhalinin fasiləsiz içməli su ilə təminatı ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. Bugün, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir hatta qonşu ölkələrə də elektrik enerjisi ixrac edir.
Strateji Yol Xəritələrində əsas icraçı qurumların performansı da faiz nisbəti ilə göstərilib. 1 yanvar 2019-cu il tarixinə əsasən icranı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 100 faiz, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 100 faiz, Vergilər Nazirliyi 95 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 93 faiz, “Azərişıq” ASC 81 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 79 faiz, Dövlət Statistika Komitəsi 75 faiz, Maliyyə Bazarlarına Nəzarət Palatası 68 faiz, SOCAR 68 faiz, “Azərsu” ASC 63 faiz, Maliyyə Nazirliyi 55 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz, Mərkəzi Bank 52 faiz, İqtisadiyyat Nazirliyi 46 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44 faiz və digər qurumlar isə ortalama 47 faiz həyata keçirib.”
©Marja