İran Prezidenti Məsud Pezeşkian ölkə əhalisini iqtisadi çətinliklərə hazır olmağa, inflyasiya, qıtlıq və həyat səviyyəsinin aşağı düşməsi ilə barışmağa çağırıb.
FED.az xəbər verir ki, Pezeşkian öz çıxışında rəsmi rəqəmləri və reallığı etiraf edərək bildirib ki, İran iqtisadiyyatı "ciddi cərrahiyyə əməliyyatına" ehtiyac duyur. O qeyd edib ki, artıq dövlətin büdcə imkanları əsas ərzaq məhsullarını, yanacağı və dərmanları xalqa əvvəlki kimi yüksək subsidiyalarla (yəni süni şəkildə ucuz qiymətə) təqdim etməyə imkanları çatmır.
Prezident elan edib ki, ölkəyə ciddi ziyan dəyib, qaz infrastrukturu, elektrik stansiyaları, neft-kimya sektoru və sənaye sahələri zərər görüb, neft ixracı isə ciddi şəkildə çətinləşib.
Prezident xalqı "kəmərləri sıxmağa", inflyasiya nəticəsində yaranan qiymət artımları və bəzi məhsulların qıtlığı ilə psixoloji olaraq barışmağa çağırıb. O, hökumətin iqtisadi islahatlar (əslində dotasiyaların kəsilməsi) aparmaq məcburiyyətində olduğunu və bu müddətdə ağrılı günlərin qaçılmaz olduğunu vurğulayıb.
Problem indiyədək İranın vizit kartı olan ucuz benzin qiymətlərinə də təsir edə bilər. Pezeşkian bildirib ki, artıq İran əvvəlki həcmdə benzin istehsal edə bilmir. Hazırda ölkədə gündjə cəmi 100 milyon litr benzin buraxılır ki, bu da 150 milyon litr gündəlik tələbatdan aşağıdır.
Qeyd edək ki, İran prezidentinin bəyanatı ölkə iqtisadiyyatındakı ağır iqtisadi vəziyyətlə bağlıdır. Belə ki, İranda rəsmi inflyasiya illərdir ki, 40-50% civarındadır, real inflyasiya (xüsusilə ərzaq məhsullarında) isə bəzən 70%-i ötür. Tümenin (milli valyutanın) dəyərdən düşməsi davam edir.
Xüsusilə son aylar başlayan müharibə və blokada vəziyyəti İranın neft gəlirlərini və xarici ticarətini iflic edib. Ölkəyə qanuni yollarla dollar daxil olması kəskin məhdudlaşıb.
Xatırladaq ki, indiyədək İran çörək, un, yağ və xüsusilə benzini dünyada ən ucuz qiymətə satırdı. İndi isə büdcənin boşalması səbəbindən hökumət ucuzlaşdırma siyasətindən imtina etmək məcburiyyətində qalıb.














