"Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisələrin sonrakı axını ilə bağlı müxtəlif müzakirələrə səbəb olub.
Eləcə də bax: “Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi ilə bağlı - İLK RƏQƏM AÇIQLANDI
Hadisənin hansı səviyyədə maliyyə itkisinə səbəb olması, həmin itkinin necə doldurulacağı, bunun bazara təsiri narahat edən suallar sırasındadır.
FED.az xəbər verir ki, sığorta eksperti İlkin İbrahimov bildirib ki, bu hadisə miqyasına görə çox böyük yanğındır:
“Burada sahibkara dəyən zərəri yüksək rəqəmlərlə hesablamaq olar. “Azərsun Holdinq" ölkədə əsas ərzaq məhsullarının idxalçısı və topdan satışını həyata keçirən şirkəti olduğuna və sənaye parkın anbarında da ərzaq məhsulları saxlandığına görə, dünənki yanğını ölkə əhamiyyətli bir hadisə hesab etmək olar. Eyni zamanda, oradakı vəziyyətə görə bizim ərzaq təhlükəsizliyimiz üçün də təhlükə ola bilər”.
İ.İbrahimov nəzərə çatdırıb ki, bu sığorta hadisəsi həm daşınar, həm daşınmaz əmlak, həm də eyni zamanda mülki məsuliyyət sığortası üzrə zərərin qiymətləndirilməsini nəzərdə tutur:
“Yəni, bu o deməkdir ki, hər 3 halda - içəridə olan ərzaq məhsullarına görə, eyni zamanda, ərazidəki daşınmaz əmlaka görə və onların günahından yaranan digər tərəflərə dəymiş ziyana görə sığorta təzminatı veriləcək.
Sığorta təzminatının verilməsi uzun müddət çəkə bilər. Çünki öncə istintaq prosesi yekunlaşmalıdır. Yekunlaşdıqdan sonra sənədlər sığorta şirkətinə təqdim olunacaq. Yalnız bundan sonra sığorta ödənişi veriləcək.
İşin mənfi tərəfi odur ki, təzminat ödəməli olan sığorta şirkəti də “Azərsun Holding”ə məxsusdur. Ona görə də demək olar ki, holdinq hər bir halda maliyyə baxımından çətin duruma düşəcək. Ümid edək ki, bu hadisəyə görə gələcəkdə ərzaq məhsulların qiyməti qalxmayacaq”.
İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri Səngəçal terminalına qədər strateji əhəmiyyət daşımağa başlayıb.
Qeyd edək ki, Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur.
"Odur ki, bu obyektlər özəl təsərrüfat obyektlərinin və ya dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə böyük ciddiyətlə qorunmalıdır. Kimsə zəmanət verə bilməz ki, bu yanğın sonuncudur və daha təkrarlanmayacaq. Nəzərə alaq ki, ölkədə 28 adda ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq olunub və bu məhdudiyyətin olduğu məhsullar arasında yağ məhsulları da var.
“Azərsun Sənaye Parkı”na dəymiş ziyan müəssisənin özündən daha çox kənar mənfi təsirlərə malikdir. Düzdür burada, xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma üçün müasir avadanlıqları var. Sənaye parkının özünə dəymiş ziyan, o cümlədən daşınmaz əmlaka və məhsullara görə ziyan isə sığorta şirkəti tərəfindən qarşılanacaq. Amma bu problemin həlli deyil. İstehsal sahələrindəki fəaliyyətin yenidən bərpası dərhal mümkün olmayacaq, bunu bərpa etmək üçün müəyyən bir müddət lazım gələcək. Yanmış avadanlıqların yerinə yenilərin alınması, gətirilməsi, quraşdırılması və yeni saxlanc yerlərinin yaradılması üçün zaman və vəsait lazımdır”, - E. Əmirov bildirib.
Ekspert yanğının ölkənin yağ bazarına təsirlərinə də toxunub:
“Yanğın plastik qablardan başlasa da, 5-6 aylıq yağ ehtiyatı olan kərə yağlarının yığıldığı soyuducu anbara keçib və yağ anbarında on milyon manatlarla dəyəri olan məhsullar yanıb, bunun bazarlara da öz təsiri olacaq. Çünki bildirilir ki, fabrik 5-6 aylıq ehtiyatı təmin etmək üçün bir neçə ay çalışıb.
İstər maddi baxımdan, istər strateji əhəmiyyət baxımından, istərsə də psixoloji baxımdan itki böyükdür. Bu hadisənin ən mənfi təsiri isə satış mərkəzlərində suni qiymət artımlarına səbəb ola bilməsidir. Yəni yaranmış situasiya psixoloji gərginlik yarada bilər.
Amma biz ölkənin yağ və yağ məhsullarına olan tələbatı, “Azərsun”un istehsal potensialı, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statikstikasını müqayisəli təhlil etdikcə görəcəyik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur. Belə ki, “Azərsun Holdinq”in kərə yağı bazarında payı cəmi 5-7 % təşkil etdir. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağı çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarılır.
Əvvəla, “Azərsun Holding”in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. İkincisi, vacib bir məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlarımız elə başa düşür ki, ölkənin 5-6 aylıq ehtiyatıdır. Xeyr! Bu ehtiyat ifadəsi məhz bu müəssisəyə aid olan ehtiyat məhsullara aiddir. Odur ki, istər “Azərsun” rəsmiləri, istərsə də dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, sonradan bu ifadələr ajiotaj yaratmasın. 5-6 aylıq ehtiyatın bu müəssisəyə aid olduğu ayrıca vurğulanmalıdır.
Qısaca ifadə etsək, Azərbaycan həm bitki yağlarına, həm də kərə yağına olan tələbatı idxal hesabına ödəyir. Bu ən azı 80 %-dən çox olan bazar payı təşkil edir. Kərə yağları əsasən Yeni Zellandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır".
E. Əmirov hesab edir ki, hazırkı vəziyyətdə 2 əsas məsələyə tam diqqət yetirilməlidir: "Birincisi, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin strateji səviyyəsi yüksəldilməli; ikincisi, idxal kanallarının fasiləsizliyinin təmin olunması və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir. Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamət dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir.
Bir də yaranmış bu psixoloji basqı şəraitində kimlərinsə bazarların yağların qiymətini süni qaldırmasına əngəl olmaq lazımdır. Təbii ki, az miqdarda qiymət artımı ehtimalı var, amma bunun böyük fürsətə çevirilməsinə imkan vermək olmaz”. (Report)