Oktyabrın 28-də Şəmkir rayonundan olan yerli ixracatçılarla işgüzar forum keçirilib.
FED.az xəbər verir ki, Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatı Kamran Bayramov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, AQTA, “Azəriqaz” və digər təşkilatların regional nümayəndələri, kənd təsərrüfatı, xüsusilə də istixana məhsullarının yerli ixracatçıları iştirak ediblər.
Forumda Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb.
İcra başçısı bildirib ki, bu gün Respublikamızda fəaliyyət göstərən istilikxanaların böyük hissəsi Şəmkir rayonunda yerləşir. Hazırda rayonda 1028 hektar sahədə istilikxana fəaliyyət göstərir. Şəmkirli fermerlər istixana biznesi ilə əsasən kiçik, orta və böyük ölçülərdə məşğul olurlar. İstilikxanalarda mövsüm vaxtı 15000 nəfər işçi qüvvəsi çalışır ki, bunların da əsas hissəsi Şəmkirlə yanaşı Gəncə şəhəri, Samux, Tovuz, Ağstafa, Göygöl və digər rayonlardan olan sakinlərdir: “Şəmkirdə istilikxana təsərrüfatı ilə məşğul olan sahibkarların sayı isə 4876 nəfərdir. Bunların da böyük əksəriyyəti öz məhsullarının ixracatçılarıdır. Rayonda yerləşən istilikxanalarda pomidor, xiyar, çiyələk, göyərti, gül, hətta müxtəlif meyvələr də yetişdirilir. Hər biri üçün fərqli qiymətə, fərqli modellərdə istilikxanalar tikilib və təbii ki, buna görə məhsuldarlıq da fərqli olur”.
Rəşad Tağıyev vurğulayıb ki, rayon istilikxanalarında əsasən pomidor yetişdirilir: “Ötən il rayonda 166 min 919 ton pomidor, 20251 ton xiyar istehsal olunmuşdur ki, bu məhsulun da 104 min 970 tonu xarici bazarlara ixrac edilib. 2020-ci ildə xarici bazarlar üçün istehsal olunan məhsuldan 164 milyon 469 min manat gəlir əldə olunub”.
Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Şəmkir rayonundan olan istehsalçıların və ixracatçıların rahatlığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qaldırılması, həmçinin yerli istehsala əsaslanan məhsulların ixrac potensialının gücləndirilməsi ilə bağlı danışıb, fermerlərlə qarşılıqlı müzakirələr aparıb.
İlk dəfə təşkil olunan işgüzar forumda Şəmkir rayonunun məhsulları ilə tanış olmaq, eləcə də Rusiyadan başqa alternativ xarici bazarlarla yeni biznes əlaqələri qurmaq üçün səmərəli işgüzar müzakirələr aparılıb, ixracatçıların əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların problemləri və təklifləri dinlənilib.