2023-cü il ərzində daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 38 hüquqi və 15 fiziki şəxs barəsində ümumilikdə 83 inzibati xəta haqqında protokol tərtib edilib.
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
Tərtib olunmuş protokolların sayı 2022-ci illə müqayisədə 6 dəfəyədək (15 protokol) artıb.
İl ərzində tərtib edilmiş protokollar üzrə bölgü isə aşağıdaki kimidir :
40 protokol :Malin (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması
15 protokol : İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi
10 protokol : Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazıı tələblərinin yerinə yetirilmamasi
9 protokol : Satılmış malların dəyişdirilməsi və ya geri qaytarıtması qaydalarının pozulması
4 protokol :Dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyan edilmiş qiymətdən fərqli qiymətə satılması
4 protokol : İctimai-iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tartib edilməməsi
1 protokol : İstehlakçıya düzgün məlumatın verilməməsi.
Xarici ölkələrdən çatdırılma xidmətini həyata keçirən 5, təhsil xidməti göstərən 2, MTK-larla bağlı 3 şirkət həmçinin təmir- tikinti xidmətləri göstərən 1 və sosial şəbəkə vasitəsilə məişət texnikası satışını həyata keçirən 1 fiziki şəxs tərəfindən yol verilən qanunsuzluqlar barədə istehlakçıların müraciətlərinə baxılıb. Müraciətlərin araşdırılması zamanı 300 manatdan çox aldadılma, həmçinin dələduzluq əlamətləri ilə bağlı ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar prokurorluq orqanlarına təqdim edilib.
2023-cü ildə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 7597 müraciətə baxılıb
Xidmət rəisi bildirib ki, 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi üzrə 2022-ci illə müqayisədə təmin olunan müraciətlərdə 26,6% artım qeydə alınmışdır.
Təmin olunmuş müraciətlər üzrə sahibkarlar tərəfindən istehlakçılara qaytarılan vəsait 618,3 min manat olmuşdur. 2022-ci ildə məbləğ 338,2 min manat idi. Bu göstəricilərə nəzər salsaq 83% artımı müşahidə edə bilərik.