Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafının əhəmiyyətindən xəbər verir.
“Azərbaycanın rəqabətliliyə davamlılığı artırılacaq”
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Meteorologiya Forumunda deyib.
O bildirib ki, ölkə iqtisadiyyatının müasir inkişafı, sahibkarlıq sahələrinin kəmiyyətinin və məzmununun genişlənməsi keyfiyyətli meteoroloji xidmətləri tələb edir.
“İqtisadiyyatın inkişafı fonunda sahibkarlıq subyektlərinin, müəssisələrinin metroloji ehtiyaclarının qarşılanması hazırda metrologiya sahəsinin başlıca vəzifəsi kimi çıxış edir. Metrologiyanın hazırkı vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarlıq subyektlərinin metroloji xidmət ehtiyaclarının qarşılanmasıdır. Bu üsul və vasitələrin köməyi ilə məhsul istehsalının bütün mərhələlərində texnoloji proseslər haqqında dəqiq informasiyalar almaq, istehsal olunan məhsulun keyfiyyət göstəricilərini yaxşılaşdırmaq nəzərdə tutulur. Keyfiyyət sahəsində siyasətin başlıca məqsədi rəqabətə davamlılıqla əlaqədardır”, - deyə nazir müavini əlavə edib.
S.Bəşirlinin sözlərinə görə, bazarın tədqiqində və biznes fəaliyyətlərinin analizində mütləq əmtəələrin rəqabətə davamlılıq səviyyəsinin qiymətləndirilməsi meyarı olmalıdır: “Müasir dövrdə bazara rəqabətə davamlı məhsul təqdim etmək həm də keyfiyyətin təmin edilməsi ilə mümkündür. Daxili və xarici bazarın keyfiyyətli məhsullarla təmin olunmasında, rentabelliyin və rəqabətə davamlılığın artırılmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və iqtisadiyyatın inkişaf etdirilməsində metrologiyanın rolu mühümdür. Məhsulun rəqabət qabiliyyəti onun baxılan bazarda müəyyən zaman anında müvəffəqiyyətlə satılmasının mümkün olması kimi anlaşılır”. (Azərtac)