Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb.
Daha sonra maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.
Nazirin sözlərinə görə, qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat və ya 1,8% çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur.
Vergi orqanlarının xətti ilə tədiyyə növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:
- əlavə dəyər vergisi üzrə proqnoz 2 mlrd. 583 mln. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 85 mln. manat və ya 3,4% çoxdur. Bu tədiyyə növü üzrə proqnozun artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından 2017-ci ildə əlavə istifadə ediləcək vəsaitlər hesabına dövlət büdcəsinə daxilolmalardır;
- Sair daxilolmalar üzrə 140 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 50 mln. manat və ya 55,6% çoxdur.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən 2017-ci ilin yanvar ayının 1-dən vergi qanunvericiliyinin pozulmasına görə, inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Belə ki, nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi maliyyə sanksiyalarından daxilolmaların artımını zəruri edib. Bu məqsədlə, vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnozun 50 mln. manat artırılması nəzərdə tutulur”, - deyə qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat və ya 2,3% çoxdur.
Gömrük orqanlarının xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:
- əlavə dəyər vergisi üzrə 1 mlrd. 674 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 35 mln. manat və ya 2,1% çoxdur;
- gömrük rüsumları üzrə 469 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 15 mln. manat və ya 3,3% çoxdur. Bu daxilolmaların artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payı üzrə 2017-ci ildə əlavə tələb olunan vəsaitlər hesabına idxal olunacaq mallar üzrə əlavə dəyər vergisinin və gömrük rüsumlarının ödənilməsidir.
Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması, Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub.
Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.
2017-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,8%-i həcmində və ya 10906,9 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 855,7 mln. manat və ya 8,5% çox), əsaslı xərclərə ümumi xərclərin 30,1%-i həcmində və ya 5392,3 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 185,3 mln. manat və ya 3,6% çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,1%-i həcmində və ya 1641,8 mln. manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,3% bənd artıb, əsaslı xərclərin xüsusi çəkisi 0,8% bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5% bənd azaldılıb.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsində funksional təsnifata uyğun olaraq sosialyönümlü xərc bölmələrinə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5290,9 mln. manat vəsait nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 155,4 mln. manat və ya 3,0% çoxdur.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərini xərclərinidə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 mln. manat, sosial mənzil tikintisi ilə bağlı əhali ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 mln. manat, şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının (14 rayon və şəhər üzrə 20 yeni tikilmiş uşaq bağçaları) istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68 mln. manat vəsait yönəldiləcək.
2016-cı il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.
Əhalinin yaşayış səviyyəsinə bilavasitə təsir edən bank sisteminin restrukturizasiyası və dayanıqlılığının təmin edilməsi ilə bağlı həyata keçirilmiş islahat tədbirləri nəticəsində ölkədə əmanətçilərin hüquqlarının qorunması, habelə onların bank sisteminə etibarının gücləndirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Bununla əlaqədar Maliyyə Sabitliyi Şurasının müvafiq qərarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Fondun nizamnamə kapitalının 546 mln. manat artırılması nəzərdə tutulub.
2017-ci il yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191 mln. manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6% çoxdur.
Həmin vəsaitin 170 mln. manatı avtomobil və dəmir yolu, elektrik paylayıcı şəbəkələri, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması ilə bağlı bəzi beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının artırılmasına, 21,0 mln. manatı Azərbaycanın Almaniyada Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması ilə bağlı xərclərin, həmçinin bəzi zəruri investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.
2017-ci ildə dövlət büdcəsinə yenidən baxılarkən ölkədə yol infrastrukturlarının tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi üçün “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin 36 mln. manat artırılması nəzərdə tutulur.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların Xarici İşlər Nazirliyində saxlanılan və əməkhaqlarının tənzimlənməsi (2017-ci il dövlət büdcəsinin hesablanmasında istifadə olunan manatın 1 ABŞ dollarına nisbətinin 1,62 manatdan cari ilin ötən dövrü ərzində artaraq 1,72 manata çatması hesabına yaranan əlavə xərclər) və bir sıra diplomatik nümayəndəliklərinə (Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasındakı səfirliklərə və Azərbaycan respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinə və s.) verilmiş əlavə ştatların, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndəliklərinin saxlanılması və dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 14,1 mln. manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 mln. manat və digər zəruri xərclərin 5 mln. manat ayrılması nəzərdə tutulur.
Büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin artırılması üçün yenidən baxılacaq dövlət büdcəsində əlavə 76 mln. manat (Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər təşkilatlar üzrə) vəsait nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokolların, qərarların (qərardadların) hazırlanması və çapı ilə bağlı xərclər üçün ilk dəfə olaraq dövlət büdcəsində 2,5 mln. manat vəsait nəzərdə tutulur.
2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 647 mln. manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 26,7 mln. manat (4,3%) çox proqnozlaşdırılır.
2017-ci ildə yenidən baxılacaq dövlət büdcəsinin yerli xərcləri 721,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 32,5 mln. manatvə ya 4,7% çoxdur.
2017-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan 74,2 mln. manat maliyyə yardımının (dotasiyanın) yerli xərclərin (721,2 mln. manat) tərkibində xüsusi çəkisi 10,3% təşkil ediləcək.
Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olmalıdır.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş olunmuş göstəriciyə nisbətən 530 mln. manat artırılaraq 1 mlrd. 175 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan dövlət büdcəsinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.
Yenidən baxılacaq 2017-ci ilin icmal büdcəsinin gəlir və xərclərində də müvafiq dəyişikliklər ediləcək. Belə ki, icmal büdcənin gəlirləri 22 mlrd. 840,9 mln. manat olmaqla təsdiq edilmiş göstəriciyə nisbətən 2 mlrd. 820,2 mln. manat və ya 14,1% artacaq. Artımın 2 mlrd. 307 mln. manatını və ya 81,8%-ni Dövlət Neft Fondunun gəlirləri ( neftin bir barelinin dövlət büdcəsinin hesablanmalarında istifadə olunmuş qiymətlərin cari ilin ötən dörd ayı ərzində 35%-dən çox artması (40 ABŞ dollarından 54,3 ABŞ dollarınadək) nəticəsində Dövlət Neft Fondu tərəfindən əldə olunan 2,3 mlrd. manat əlavə gəlirləri, 511 mln. manatını və ya 18,1%-ni dövlət büdcəsinin gəlirləri, 2,1 mln. manatını və ya 0,1%-ni Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri təşkil edəcək.
İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 3,7% və ya 1 mlrd. 51 mln. manat artırılaraq 29 mlrd. 818,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Yeünidən baxılma ilə icmal büdcənin kəsiri 6 mlrd. 977,3 mln. manat olacaq ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 1 mlrd. 769,2 mln. manat və ya 20,2 faiz azdır.
İcmal büdcənin kəsirinin gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 10,5% olacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,7 faiz-bənd azdır.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 17 mlrd. 654,9 mln. manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 26,5% təşkil edəcək.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar respublikasının yenidən baxılacaq büdcəsinin gəlir və xərcləri bərabər olaraq 350,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 2,2 mln. manat və ya 0,6% çoxdur.
Xərclərin 20,5%-i və ya 71,7 mln. manatı Naxçıvan Muxtar respublikasının öz gəlirləri, 79,5%-i və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.