Azərbaycanda sığorta şirkətləri fövqəladə hallarda dəyən zərəri 7 gün ərzində kompensasiya edəcək.
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.
"Əgər sığorta hadisəsi böyük, kütləvi, dağıdıcı təsirlərlə nəticələnmişdirsə, artıq bunun bəlli bir kriteriya halı kimi qeyd olunması nəzərdə tutulub. Yəni məsələn, fövqəladə hal kimi nəzərdən keçirilə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı sırf sığorta hadisəsinin təsirini ölçəcək və bəlli kriteriyalar daxilində elektron üsullarla sığorta şirkətinə, İcbari Sığorta Bürosu vasitəsilə məlumat ötürəcək. Məsələn, bəlli bir əmlakın hansısa hissəsinə ziyan dəyib və yaxud da tam zərər dəyib, həmin orqanın göndərdiyi məlumat əsasında da sığorta şirkəti 7 iş günü ərzində sığortalının özünə ən yaxın bank vasitəsilə təzminat ödəyəcək".
AMB rəsmisi həmçinin qeyd edib ki, sığortalama prosesində daha çox elektron üsullardan istifadə olunması nəzərdə tutulur: "Biz daha çox katastrofik risklərin (zəlzələ, təbii fəlakətlər, sel və digər məsələlərdə) əhatə dairəsinin daha genişləndirilməsi istiqamətində və sığorta məbləğlərinin artırılması istiqamətində addımlarımızı atdıq. Bunun üçün xüsusi layihə də hazırladıq. Azərbaycan üzrə sığorta sahəsində ilk dəfə olaraq modelləşmə həyata keçirildi, zəlzələ üzrə risk xəritələri müəyyənləşdirildi. Artıq buna uyğun olaraq ölkə ərazisində baş verə biləcək sığorta hadisəsi üzrə qiymətləndirmə bu modelləşmə əsasında həyata keçiriləcək".















