Mayın 18-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti üzrə Marabda–Türkiyə sərhədinə qədər (Kartsaxi) hisənin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən imzalanan sənədə əsasən Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işləri tamamlanıb və qəbul edilib.
Paralel olaraq BTQ xəttinin idarə edilməsi üçün ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsi işə başlayıb.
Yəni dəmiryolunun tikintisi işləri (1) rəsmi olaraq başa çatıb, (2) dəmiryolunun idarə edilməsi üzrə yeni şirkət yaradılıb.
Amma imzalanma ilə bağlı əlumatda dəmiryolu ilə yalnız yüklərin daşınması ilə bağlı detallar göstərilir, sərnişin qatarlarının işə düşməsi ilə bağlı məlumat verilmir. Bu da qatarla sərnişin daşımalarının hələ arxa planda olduğunu göstərir.
Belə ki, 2024-cü ildə Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparıb. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası tikilib, indiyədək mövcud olan 153 km uzunluğunda dəmir yolu yenidən qurulub. Bu işlər nəticəsində dəmiryolunun illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Bildirilir ki, məqsəd BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma kanallarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Layihənin Azərbaycan tərəfində – Bakı–Böyük Kəsik sahəsində də təmir işləri aparılıb, bəzi sistemlər yenilənib.













