Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
FED.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.
Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini dedi.
Dövlətimizin başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd etdi.
Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür etdi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Ölkəmizə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğuladı və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirdi.
Şavkat Mirziyoyev dedi ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.
Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd etdi. Bu xüsusda vurğulandı ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlandı.
Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirildi, onların icrasından məmnunluq ifadə olundu. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunuldu.
Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq, bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.



















