Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin 6 ildən sonra bərpası ilə bağlı müzakirələr aparılır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Qars sərnişin qatarının açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən açıqlayıb.
"Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır"-deyə bildirilib.
Xatırladaq ki, Gürcüstan Hökuməti Administrasiyasının yaydığı məlumata görə, 26 may tarixindən etibarən Baku ilə Tbilisi arasında gündəlik sərnişin qatar əlaqəsi altı illik fasilədən sonra bərpa olunacaq.
Gürcüstan tərəfi bildirib ki, qərar Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü nəticəsində qəbul edilib. Görüş zamanı tərəflər strateji tərəfdaşlığı və əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqların nəticəsi olaraq ikitərəfli koordinasiya Şurasının protokolu imzalanıb. Sənəd xüsusilə Bakı — Tbilisi — Qars yeni dəmir yolu hissəsinin tam istifadəyə verilməsini nəzərdə tutur, lakin onun istifadəyə verilmə tarixi ayrıca qeyd olunmayıb.













