Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsinə verilən dövlət dəstəyi yalnız güzəştli kreditlərlə məhdudlaşmamalıdır.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda deyib.
"Bu proses daha geniş olmalıdır. Biznesin İnkişafı Fondunun yaradılması ilə biz bu sahədə yeni məhsullar təqdim edəcəyik", - nazir bildirib.
M.Cabbarov qeyd edib ki, bu il də əsas hədəflər arasında azad edilən ərazilərin inkişafı qırmızı xətlə keçir: "Azad edilən ərazilərdə inkişafın təmin edilməsi kapital qoyuluşlarının əksəriyyətini tələb edəcək. Digər tərəfdən sənayeləşmənin sürətləndirilməsi, aqrar sektorun inkişafı, xidmət və turizm potensialının maksimun reallaşdırılması və iqtisadiyyatın rəqəmsallaşdırılmasının təmin edilməsi, enerji keçidindən irəli gələn dövlət tənzimləməsinin təmin edilməsi və ayrı-ayrı sektorlarımızın rəqabət qabiliyyətini qorunub saxlanılması da hədəflərimiz arasındadır".
Onun sözlərinə görə, bütün bunlar ölkədə sahibkarlığın da inkişafını sürətləndirəcək: "4 il ərzində qeyri-neft özəl sektorunda əlavə edilən 300 minə yaxın əmək müqaviləsinin tam əksəriyyəti kiçik və orta biznesdə yaranmış iş yerlərinə aiddir".
Qeyd edək ki, Biznesin İnkişafı Fondu özündə Azərbaycan İnvestisiya Şirkətinin və Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətlərini cəmləşdirir, o cümlədən yeni fəaliyyət istiqamətləri müəyyənləşdirir.