Koronarvirus pandemiyası Almaniya iqtisadiyyatına təxminən 300 milyard avroya başa gəlib.
FED.az xəbər verir ki, bu barədə «Welt» qəzeti Köln İqtisadiyyat İnstitutunun hesablamalarına istinadla məlumat yayıb.
İnstitutun rəhbəri Mixael Hyüterin sözlərinə görə, yalnız son üç rübdə (2020-ci ilin dördüncü rübündən bu ilin ikinci rübü üzrə) böhranın aradan qaldırılması xərcləri təxminən 140 milyard avro təşkil edib. Bu məbləğin üçdə bir hissəsi koronavirusun ikinci dalğasının nəticəsi olan lokdaunla bağlıdır.
«Vaksinasiya sürəti artır və bu, iqtisadiyyat üçün müsbət siqnaldır. Lakin koronavirusun iqtisadiyyata təsiri ilə bağlı bu rəqəmlər də son deyil və arta bilər. Pandemiya iqtisadiyyata mənfi təsir göstərməkdə davam edəcək, bu təsiri aradan qaldırmaq üçün illər lazım gələcək» - deyə Hyüter xəbərdarlıq edib.
Hazırda Almaniyada karantin tədbirləri qüvvədədir, lakin qışda olduğu qədər sərt deyil. Məktəblər və uşaq bağçaları açıqdır, bir sıra vilayətlərdə muzeylər və qalereyalar işləyir. Bir çox regionlar məhdudiyyət tədbirlərini yumşaltmağa başlayıb, açıq havada restoranlar fəaliyyət göstərir, otellər açılıb.
Qeyd edək ki, indiyədək Almaniyada 3,65 milyon koronavirusa yoluxma halı aşkar edilib, 87 min nəfər vəfat edib.