Dünya Bankı (DB) Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” (Agricultural Competitiveness İmprovement Project) layihəsinin icra müddətini 2021-ci ilin dekabr ayınadək uzadıb.
Eləcə də bax: Azərbaycan FSAP çərçivəsində BVF və Dünya Bankı ilə əməkdaşlığı davam etdirəcək
FED.az xəbər verir ki, qurumdan verilən məlumata görə, DB Direktorlar Şurası tərəfindən 2013-cü ilin sentyabr ayında təsdiqlənən layihəni 2020-ci ilin iyun ayınnın sonunadək başa çatdırmaq nəzərə tutulurdu.
“Layihənin müddətini uzatmaqla qalan işləri məqbul şəkildə başa vurmaq mümkün olacaq. Mövcud COVID-19 böhranı üzündən layihənin icra sürəti azalsa da, hələlik işlər yaxşı gedir. Bütövlükdə kənd sahibkarları da, istehsalat – satış zəncirləri nümayəndələri də nəticələrin 40 faizdən çox artdığını bildirir ki, bu da layihənin səmərəsini göstərən başlıca məqamdır”. Həmçinin istehsalat – satış zəncirindəki 4 alt layihəsinin başa çatdırıldığı, daha 15-in də hələ icra olunduğu da diqqətə çatdırılıb: “Layihə çərçivəsində kənd sahibkarlığının bir çox istiqamətlərində bütövlükdə 105 sərmayə alt layihə üçün kredit xətləri açılıb. Həmçinin heyvan xəstəliklərinə qarşı, baytarlıq təhsilinin təkmilləşdirilməsinə dair proqram davam etdirilir. Bitki növlərinin tədqiqatı və inkişafı proqramına, toxum istehsalı və emalına sərmayələr nəticəsində artıq toxumların keyfiyyəti və məhsuldarlığı artıb”, – DB-dən bildiriblər.
Layihə çərçivəsində kredit alan kənd sahibkarlarının 70 faizi olan 73 sahibkarlıq subyektində orta hesabla 42,87 faizlik istehsal artımı, başa çatmış 4 alt layihə üzrə isə orta hesabla 74 faizlik artım olduğu bildirilib.
Qeyd edək ki, sözügedən layihənin məqsədi kənd məhsulları istehsalçılarına sanitariya və fitosanitariya xidmətlərinin təkmilləşdirilməsi, onlara maliyyə xidmətlərinin göstərilməsikənd sahibkarlığın və qida sənayesinin inkişaf etdirilməsidir. Bununla yanaşı qida təhlükəsizliyi və keyfiyyəti sahəsində tənzimləmə işlərinin təkmilləşməsi də hədəflənir. Layihənin ümumi dəyəri 53,25 milyon ABŞ dollarıdır ki, bunun 34,5 milyon dolları DB tərəfindən ayrılıb. Hazırda kreditin 87 faizi xərclənib. (Report)