“Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır”.
İlham Əliyev
Ümummilli liderimizin strateji inkişaf kursunun Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev tərəfindən qətiyyətli və uğurlu davamı ölkəmizin milli inkişaf modelini formalaşdırmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı dönüş yaratmış və böyük nailiyyətlərə yol açmış, gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə müstəqillik tariximizin ən qürurverici səhifələrindəndir. Bu gün səsi dünyanın ən mötəbər tribunalarından gələn müstəqil Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu təşkilatlarda əzəmətlə dalğalanır. Ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumların, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, eləcə də I Avropa Oyunlarının, “Formula-1” yarışlarının, İslam Həmrəylik Oyunlarının, “Eurovision” mahnı müsabiqəsi kimi mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Qlobal çağırışlara cavab verən dayanıqlı iqtisadiyyat
Qazanılan bu uğurların əsasında isə Prezident İlham Əliyevin çevik, ölkəmizi davamlı tərəqqiyə aparan praqmatik və müstəqil siyasəti dayanır. Dövlət başçısının vurğuladığı kimi, “Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır”.
Bu inkişaf kursuna uyğun olaraq makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə qazanılan naliyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir.
Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirmiş, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşmasını sürətləndirmişdir. Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi resursları nəzərə alınmaqla mütərəqqi dünya təcrübəsi əsasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha çatmaq olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ, bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaratmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilmişdir. İqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə əks etdirir. Bu mühüm sənəd kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və mövcud çağırışların tələblərinə cavab verən çevik iqtisadi siyasət tədbirləri regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə belə, ölkə iqtisadiyyatının dayanıqlılığını qoruyub saxlamışdır. Uzaqgörən siyasətin, görülən sistemli və qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə başlayan və sonrakı dövrlərdə də davam edən qlobal iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılamış, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirlərinə baxmayaraq, Azərbaycanda rasional makroiqtisadi siyasət həyata keçirilmiş, yaradılmış valyuta ehtiyatları maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynamışdır.
Statistik göstəricilər də Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Belə ki, strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 mlrd ABŞ dolları səviyyəsinə çatmışdır. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır.
Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır. Hətta “G20”yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar.
Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın bir sıra mühüm məqamları üzərində dayanmaq istərdim.
Azərbaycandakı siyasi sabitlik, əlverişli işgüzar mühit ölkəmizə marağı daha da artırmışdır. Şübhəsiz ki, burada etibarlı tərəfdaş amili xüsusi rol oynayır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.
Son 14 ildə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin “XXI əsrin layihəsi” adlandırdığı “Cənub qaz dəhlizi” layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. Artıq “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilmişdir. Hazırda inşaat işləri davam etdirilir.
Bu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu dövrdə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr də reallaşdırılıb. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, bu yaxınlarda istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xüsusilə vurğulanmalıdır.
Digər sahələrdə də infrastuktunun inkişafında ciddi uğurlar əldə edilmişdir. Belə ki, son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı inşa olunmuş, 11 min kilometr müasir şose və yollar çəkilmiş, 438 ədəd körpü və tunel tikilmiş və təmir olunmuş, Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılmış, 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilmış, qazlaşdırma səviyyəsi 90%-i keçmiş, 736,4 min nəfəri əhatə edən 434 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılmış, mərkəzləşdirilmiş içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4,5 mln nəfəri ötmüşdür.
Bu illər ərzində dəmir yolu nəqliyyat sistemi inkişaf etdirilmiş, infrastrukturu yenilənmiş, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyi yüksəldilmiş, tranzit daşımalarının həcmi artmışdır.
Əhalinin istilik təchizatı təminatının yaxşılaşdırılması məqsədilə məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri yenidən qurulmuş, sosial obyektlər üçün yeni qazanxanalar tikilmişdir.
Bakı Metropoliteninin inkişaf strategiyasına uyğun olaraq, ötən illər ərzində 5 yeni stansiya sərnişinlərin istifadəsinə verilmiş, xətlərin sayı 3-ə, stansiyaların sayı 25-ə çatdırılmışdır.
Ötən 14 il ərzində ümumi gücü 2300 MVt-dən artıq olan 26 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, xeyli sayda yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.
Güclü sənayeləşmə siyasəti
Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Təsadüfi deyildir ki, sənayenin inkişafına xüsusi önəm verən dövlət başçısı tərəfindən 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilmiş, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur.
Müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə templəri yüksəlmiş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılmış, ölkəmiz bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəltmişdir. İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulmuş, “Azərspace” və “Azersky” telekommunikasiya peykləri orbitə buraxılmış, Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilmişdir. Bu yaxınlarda “Azərspace-2” peykinin orbitə buraxılması nəzərdə tutulur.
Müdafiə sənayemiz artıq ordumuzu müasir silahlarla təchiz edir və onun məhsulları beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir və inkişaf etmiş xarici ölkələrə satılır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panellərindən və külək generatorlarından istifadə olunmağa başlanmışdır. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılmış və bununla da daha bir yeni sənaye sahəsinin əsası qoyulmuşdur.
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Bundan başqa, sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, 3 Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, sənaye parklarının rezidentləri üçün bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard ABŞ dollarınadək olan 11 müəssisəyə rezident statusu verilmişdir. Sənaye Parkının rezidentlərindən olan, polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” 2013-cü ildən fəaliyyət göstərir. Müəssisədə 750 nəfərdən çox işçi çalışır. Təkcə bu ilin 9 ayı ərzində “Azertexnolayn” 47 milyon manatlıq satış həyata keçirmişdir ki, bunun da təqribən 25%-i ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında bu il daha 4 müəssisə, 2018-ci ildə isə əlavə olaraq 4 istehsal obyekti fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
Dövlət başçısının iştirakı ilə bu yaxınlarda istifadəyə verilmış və “yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli olan Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların (PET) və plastik materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahəsində 5 rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən parka ümumilikdə 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye parklarına əlavə rezidentlərin cəlb olunması istiqamətindfə işlər davam etdirilir.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Artıq zavodda onlarla gəmi tikilərək istifadəyə verilmiş, 60-dan çox gəmi təmiri işləri həyata keçirilmişdir. Müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası 2017-ci ilin sentyabrında başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda 2 “Ro-pax” tipli gəmi bərənin və 2 neft tankerinin tikintisi davam etdirilir.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrik yaradılacaq və 5 mindən çox yeni iş yeri açılılacaqdır. Artıq Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlamışdır. 2017-ci ilin sonlarında istismara veriləcək zavodun investisiya dəyəri 46 milyon ABŞ dollarıdır və layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması planlaşdırılır.
Azərbaycan üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında Rusiya Federasiyası və İran İslam Respublikası ilə birgə 2 dərman zavodunun təməli qoyulmuşdur. Birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanacaqdır. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Hazırda Avropanın, Yaponiya və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.
Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 1,1 milyard ABŞ dolları məbləğində investisiya yatırılmış, tikintidə və istehsalatda 5500-dən çox iş yeri açılmışdır. Layihələr üzrə növbəti mərhələdə isə 850 milyon ABŞ dollarından çox investisiyanın qoyulması və 7500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə bu ilin sentyabrın 24-də istifadəyə verilmışdır. Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılmışdır. Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılmışdır. Sahibkarlar tərəfindən Sənaye Məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.
Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri sürətlə aparılır və bu işlər 2017-ci ilin sonunda başa çatdırılacaqdır. Sənaye Məhəlləsinə sahibkarların marağı böyükdür və artıq ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunmuşdur. Bu layihələr əsasən avtomobil, mebel, alüminium və plastik qapı-pəncərə, eləcə də müxtəlif növ tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir.
Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.
Qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin inkişafına da böyük diqqət göstərilir. Məsələn, 2016-cı ildə “Azərxalça” ASC yaradılmış, 10 rayonda xalça müəssisəsinin tikintisinə başlanmışdır. Bununla yanaşı, rəqabətqabiliyyətli və yeni texnologiyalara əsaslanan xalça və xalça məmulatlarının istehsalını təmin etmək üçün ölkədə xammal müəssisələrinin qurulması üzrə müvafiq araşdırmalar aparılır. Belə ki, Sumqayıt şəhərində yun iplik istehsal edəcək Yunəyirici Boyaq Fabrikinin tikintisinə bu ilin sonunda başlanılması planlaşdırılır. Eyni zamanda xammal bazasının təmin edilməsi məqsədilə ölkənin 5 rayonunda yun və boyaq maddələri tədarükü məntəqələri yaradılacaqdır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər digər sahələrdə olduğu kimi, sənayedə də əsaslı dönüşə səbəb olmuş, bu sahənin ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsini, innovativ və rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsini və bir sıra məhsullar üzrə idxalın əvəz edilməsini təmin etmişdir.
Aqrar sahədə intensiv inkişafa aparan islahatlar
Kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasət aqrar-sənaye kompleksinin köklü şəkildə yenidən qurulmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır”. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və s. bu sahənin inkişafına təkan vermişdir.
Aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 26 rayon üzrə 38 aqroparkın, o cümlədən 14 müasir cins heyvandarlıq kompleksinin və 24 iri taxılçılıq təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılmışdır. 12 aqroparkın isə təşkili işlərinə başlanmışdır.
Son illərdə 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılmışdır. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilmişdir. Bu təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində xüsusilə əhəmiyyətlidir.
Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyin inkişafı istiqamətində imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan vermişdir. Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcəkdir.
Qeyd edim ki, digər ənənəvi sahələrdə də artım tempi müşahidə olunur. Belə ki, 2015-ci ildə ölkə üzrə 236 kiloqram yaş barama istehsal olunduğu halda, ötən il bu göstərici 70,7 tona, 2017-ci ildə isə 245,2 tona çatdırılmışdır.
Tütünçülüyün inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu sahədə əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirərək, hazırkı 3200 hektardan 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu isə ölkədə hər il 12 min ton quru tütün istehsal etmək imkanı yaradacaq. İxrac qabiliyyətli əsas məhsullardan olan fındıq istehsalını artırmaq üçün bölgələrdə mövcud fındıq bağlarından 2 dəfə çox yeni bağların salınması nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, iri çayçılıq təsərrüfatlarının yaradılması, istehsal prosesinə innovativ texnikanın cəlb olunması və bu sahədə elmi yanaşmaların tətbiqi çay plantasiyası sahələrinin 17 min hektara çatdırılmasına imkan verəcək.
Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, ərzaq məhsullarının istehsalı artmış, ixrac imkanları genişlənmişdir.
Məqsədli dövlət proqramları regionların simasını dəyişdi
Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Dövlət başçısının dediyi kimi: “Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir”.
İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunmuş və onlardan ikisi artıq uğurla icra edilmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri yaradılmışdır. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.
Dövlət başçısının müvafiq sərəncamları ilə qəbul edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması sahəsində mühüm rol oynamış, müxtəlif sahələri əhatə edən konkret tədbirlər uğurla icra olunmuşdur.
İqtisadiyyatın aparıcı qüvvəsi - sahibkarlıq
Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq, son 14 ildə bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, inzibati prosedurlar sadələşdirilmiş, vergi yükü azaldılmış, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilmişdir.
Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC vasitəsilə özəl sektora göstərilən dəstək, AZPROMO, Bakı Biznes Tədris Mərkəzi və s. mexanizmlər vasitəsilə göstərilən məsləhət xidmətləri sahibkarlığın inkişafı baxımdan əhəmiyyətlidir. Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 153 mindən çox yeni iş yerinin açılması imkanı yaratmışdır. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70%-i aqrar sektorun, 30%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 76%-i regionların, 24%-i isə Bakı qəsəbələrinin payına düşür.
Özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan “Aqrolizinq” ASC vasitəsilə 2004-cü ildən kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, cins damazlıq heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, aqrotexniki xidmətlər göstərilir.
Sahibkarlıq fəaliyyətinə başlayanların dəstəklənməsi üçün Xaçmazda və Yevlaxda yerləşən regional inkişaf mərkəzlərində biznes inkubatorlar yaradılmışdır. Lazımi şərait və avadanlıqlarla, eləcə də tədris materialları ilə təmin olunmuş biznes inkubatorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir. Hazırda mövcud biznes inkubatorların inkişaf etdirilməsi və yenilərinin yaradılması imkanları araşdırılır.
Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, 2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılmış, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunmuş, gömrük prosedurları sadələşdirilmiş, tələb olunan sənədlərin sayı azaldılmış və konkretləşdirilmiş, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilmiş, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilmişdir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 23 ayda vergi yoxlamaları istisna olmaqla, cəmi 113 yoxlama keçirilmişdir. Müqayisə üçün bildirim ki, yoxlamaların dayandırılmasından əvvəlki 23 ay ərzində keçirilmiş yoxlamaların sayı 113 mindən çox olmuşdur.
Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olumuş, lisenziyanın verilməsinə görə dövlət rüsumları təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziyanın verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanmışdır. İndiyədək 190 sahibkarlıq subyektinə 205 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,7 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Qeyd edək ki, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən, torpaq və əmlak vergisindən, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və ƏDV-dən tam azadolma aiddir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 153 sahibkarlıq subyektinə 931 təsdiqedici sənəd təqdim edilmişdir. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 40 milyon ABŞ dollarından çoxdur.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə Meyvə və Tərəvəz, Arıçılar, Fındıq, Nar, Xurma, Tütün, Şərab, Tekstil İstehsalçıları və İxracatçıları, Tikinti Materialları, Mebel və Qablaşdırma Sənayesi assosiasiyaları, İxracatçılar Klubu yaradılmışdır.
Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmış, özəl bölmənin payı ÜDM-də 80%-i, məşğulluqda 75%-i, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötmüşdür.
Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşmış, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmuşdur.
Yeni prioritet istiqamət - tranzit potensialının genişləndirilməsi
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirmişdir.
Son 14 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilmiş, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilmişdir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir.
Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər xüsusilə vurğulanmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradacaqdır.
Azərbaycan həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görmüşdür. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilmişdir. Hazırda İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin tikintisi, eləcə də Astarada (İran) yükdoldurma və yükboşaltma terminalının inşası işləri aparılır. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanmışdır. Bununla yanaşı, İran ərazisində Rəşt-Astara dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində tədbirlər görülür. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin ediləcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaqdır. 2016-cı ildə Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşündə dövlət başçısının vurğuladığı kimi: “Şimal-Cənub nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən iritonnajlı yük avtomobillərinin keçid prosedurları sadələşdirilmiş, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınmışdır. Bunun nəticəsində təkcə 2017-ci ilin yanvar-avqust aylarında ölkəmizin ərazisindən 20 minə yaxın yük avtomobili keçmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Ümumiyyətlə, bu sahədə görülmüş işlər nəticəsində 2017-ci ilin yanvar-avqust aylarında ölkə ərazisindən 7,1 milyon ton tranzit yük daşınmışdır.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, son illər ərzində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.
Xarici iqtisadi əlaqələr genişlənir, ixrac imkanları artır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri daha da genişlənmiş, müstəqil siyasət həyata keçirən ölkəmizin dünyada nüfuzu daha da artmış, ixracın coğrafiyası genişlənmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “...ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Azərbaycanın əlaqələrinin inkişafında dövlət başçısının çoxsaylı xarici səfərləri, aparılan danışıqlar, imzalanmış sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan iş öz mühüm töhfəsini verir. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənmişdir.
Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilmiş, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilmişdir.
Nəticədə son 14 ildə xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artmışdır.
Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanmışdır.
Son 14 ildə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulmuşdur.
Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşmışdır. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və BƏƏ-ni qeyd etmək olar.
İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 8000-dən çox şirkəti qeydiyyatdan keçmişdir. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmişdir. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlmiş, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz istifadəyə verilmişdir.
İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının “Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, potensial ixrac ölkələrinə ixrac missiyaları təşkil edilir, ölkəmizin beynəlxalq əhəmiyyətli sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq edilir.
Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə artıq Belarusda Azərbaycan Ticarət evi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır.
Bununla yanaşı, dövlət başçısının 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmanına uyğun olaraq, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilmişdir.
Həyata keçirilən sistemli tədbirlər artıq öz nəticəsini verməkdədir. Məsələn, 2017-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 30%, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37%, sənaye məhsullarının ixracı isə 25% artmışdır.
Sosial-iqtisadi siyasətin prioriteti - insan amili
Azərbaycan Respublikası Prezidentinın “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır” strateji xəttinə uyğun olaraq, əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə kompleks tədbirlər davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır.
Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manatadək yüksəlmişdir. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5%-dək azalmışdır.
Təsadüfi deyildir ki, ötən müddət ərzində uğurlu sosial siyasət həyata keçirən Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmiş, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə “Cənub-Cənub” mükafatına layiq görülmüşdür.
Son 14 ildə 3000-dən çox orta məktəbdə, 300-dən çox məktəbəqədər təhsil müəssisəsində və 600-dən çox səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Regionlarda 40-dan artıq olimpiya idman kompleksi inşa olunmuşdur.
İnsan kapitalının inkişafı məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssislərində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almışlar.
Həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin göstərilməsidir. Bu dövrdə əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmiş, 5000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.
Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə 24 illik fasilədən sonra qayıdan sakinlər üçün 1-ci mərhələdə 50 fərdi yaşayış evi, məktəb, məscid binası istifadəyə verilmiş, infrastruktur işləri və kommunal tədbirlər həyata keçirilmişdir. Bununla da, Cocuq Mərcanlı Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtdığı ilk yaşayış məskəni kimi tarixə düşmüşdür.
Ümumiyyətlə, son 14 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla qəsəbə salınmış, 37 min ailə mənzillə təmin olunmuşdur.
Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr vermiş, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaratmışdır. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr həm də Azərbaycanın dünyada nüfuzunun artmasında əhəmiyyətli olmuşdur.
Dövlət başçısının tapşırığı ilə böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarında tənzimlənmə aparılmış, dövlət qeydiyyatına alınmış on mindən artıq dərman vasitəsinin qiymətləri təsdiq edilmiş, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot layihəyə start verilmişdir.
Ölkəmizdə əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması, habelə kommunal xidmətlərlə təminatı səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə mənzil-kommunal sahəsində köklü islahatlar aparılmış, sahənin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi, yaşayış sahəsinin əldə olunması imkanlarının genişləndirilməsi, kommunal xidmətlər sahəsində keyfiyyətin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu baxımdan, 2009-cu ilin 1 oktyabrdan qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müvafiq sahədə əsas hüquqi baza rolunu oynamaqla, sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə tələbatın ödənilməsi məqsədi ilə ipoteka kreditləşməsi sistemi yaradılmışdır.
Kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədi ilə “ASAN kommunal” mərkəzləri yaradılmış və bu sahədə vətəndaş məmnunluğu təmin olunmuşdur.
Beləliklə, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan sıçrayışlı inkişaf yolu keçmiş, regionda söz sahibi olan ölkəmizin dünyada nüfuzu daha da artmışdır. Qeyd olunanlar bir daha göstərir ki, dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xəttinin uğurlu nəticələri Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi qarşıya qoyulmuş hədəflərə doğru inamla aparır.
Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının iqtisadiyyat naziri