Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası platforması çərçivəsində aparılan biznes sorğunun nəticələrinə dair tədbir keçirilir.
FED.az xəbər verir ki,İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbir keçirilir. Tədbirdə Avropa İttifaqının (Aİ) təşəbbüsü olan “EU4Business" və BTM tərəfindən icra edilən Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası layihəsi çərçivəsində BTM tərəfindən Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə aparılan biznes sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün dəyirmi masa formatında interaktiv müzakirələr həyata keçirilib.
Tədbirin açılışında çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı layihənin ixraca dəstək baxımından əhəmiyyətini qeyd edərək, platformanın potensial ixracatçılarımızın məhsullarının Aİ ölkələrinə ixracı zamanı üzləşdikləri əsas məsələlərinin həlli yollarının tapılmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Bildirilib ki, mövcud baryerlərin aradan qaldırılması istiqamətində intensiv işlər aparılır və bu müstəvidə dövlət-özəl tərəfdaşlığı, eləcə də təsdiqlənməsi gözlənilən Milli İxrac Strategiyasının yerli sahibkarlar üçün ticarətin asanlaşdırılması perspektivləri haqqında bəhs edilib.
BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva müəyyən edilən ticarət maneələrinin aradan qaldırılması və istifadə olunmayan imkanların araşdırılmasının vacibliyini vurğulayıb. Vladanka Andreyeva layihəni Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmaq üçün dialoqun və praktik həllərin təşviqində oynadığı rola görə yüksək qiymətləndirib.
Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin AZEXPORT xidməti və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən birinci dəyirmi masada ticarətdə daxili qaydaların sadələşdirilməsi və ticarət prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.
İkinci dəyirmi masa çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Fındıq, Nar və Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları assosiasiyalarının təmsilçiləri ticarətdə texniki tələblər, keyfiyyət standartları və qiymətləndirmələrə uyğunluğun təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, tədbir yanvar ayının 25-i "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” və "Azərbaycanda davamlı turizm sektorunun yaradılması” mövzularında baş tutacaq dəyirmi masalar ilə yekunlaşacaq.