2019-cu ildə Azərbaycanda ÜDM 2,3%, 2021-ci ildə isə 3,1%-dək artacaq. Bunu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozlaşdırır.
FED.az xəbər verir ki, S&P Azərbaycanın yerli və xarici valyutalarda uzunmüddətli emitent defoltu reytinqlərini "BB+" səviyyəsində təsdiq edib. Proqnoz “stabil”dir.
Agentliyin saytında dərc olunmuş proqnozlara görə, 2020-ci ildə Azərbaycanda ÜDM 3% artacaq.
Eləcə də bax: Əhaliyə hər il 4-5 milyard manat haradan gəlir? - ARAŞDIRMA
2019-2021-ci illərdə ÜDM-nin nominal həcmi ildə 46 mlrd. dollar təşkil edəcək.
"Biz hökumət tərəfindən makroiqtisadi sabitliyin davam etdiriləcəyini, Azərbaycanın iqtisadi göstəricilərinin yaxın bir neçə il ərzində tədricən yaxşılaşacağını gözləyirik və 2022-ci ilədək orta artımı 3%-dən çox az səviyyədə proqnozlaşdırırıq. Artım istehlakın dayanıqlı bərpası və işgüzar etimadın yüksəlməsi, “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından qaz tədarükünün artması ilə dəstəklənməlidir. Biz 4 ildən sonra qaz ixracının tədricən artacağını gözləyirik", - deyə məlumatda vurğulanır.
S&P 2019-cu ildə respublikada orta illik inflyasiyanı 3,5%, 2020-ci ildə 4%, 2021-ci ildə isə 4,2% səviyyəsində proqnozlaşdırır.
S&P-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 2,8%-ni, 2020-ci ildə 2,1%-ni, 2021-ci ildə 1,9%-ni təşkil edəcək.
2019-2021-ci illərdə Azərbaycanın xarici ticarətinin profisiti ÜDM-nin müvafiq olaraq 14,7%-i, 13,9%-i və 13,3%-i səviyyələrində proqnozlaşdırılır.
S&P Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müəyyən geosiyasi risklərin olduğunu da qeyd edir. Bununla belə, agentlik hesab edir ki, ortamüddətli perspektivdə münaqişənin gərginləşməsi ehtimalı azdır.
Agentliyin qiymətləndirmələrinə görə, ölkədə neft hasilatı ortamüddətli perspektivdə sabit qalacaq. “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda hasilat bir qədər azalsa da, “Şahdəniz” yatağında kondensat hasilatının artması, eləcə də Abşeron arxipelaqının dayazsulu hissəsinin işlənməsi AÇG blokunda hasilatın azalmasını kompensasiya edəcək.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8%, 2021-ci ildə 3,6% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, orta illik inflyasiya 2,3% təşkil edib.
©Marja