Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiyanın aşağı olacağını proqnozlaşdırır.
Eləcə də bax: Faiz dəhlizinin parametrləri haqqında – MƏRKƏZİ BANKDAN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, “2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilib. III rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas verib. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı açıqlamasında bildirilir.
Sentyabrda aylıq inflyasiya 3.1% olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatıb. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6% təşkil edib, orta illik inflyasiya isə 13.4% olub. Sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20%-i növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir.
Aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2022-ci ildə orta illik inflyasiya 12,5% təşkil edəcək, 2023-cü ildə isə birrəqəmli səviyyəyə qədər azalacaq.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib. (İnterfaks-Azərbaycan)