Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
Eləcə də bax: Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi davam edir - 967 MİLYON DOLLAR
FED.az AMB-nin bu qərarı ilə bağlı açıqlamasınıv təqdim edir.
Faiz dəhlizinin eninin daraldılması qərarı pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə dair planlara uyğun verilmişdir. Bu barədə də 2022-ci ilin avqust ayının 31-də “Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi barədə” press relizdə qabaqlayıcı açıqlama verilmişdir.
Bu qərar faktiki və proqnoz inflyasiya, qlobal və daxili iqtisadi mühitdə gedən proseslər, habelə gözləntilər nəzərə alınmaqla verilmişdir.
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır. Təhlillərə görə faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir.
Qeyd olunan təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilmişdir.
Son aylarda inflyasiya təzyiqlərinin artdığı şəraitdə məcmu tələbin izafi genişlənməsinə yol verilməməsi və milli valyutada yığımların dəstəklənməsi üçün pul siyasətinin sərtləşdirilməsi, yəni uçot dərəcəsinin və faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə bağlı qərar qəbul olunmuşdur. Bank sektorunda likvidliyin idarə olunması imkanlarının daha da gücləndirilməsi və qısamüddətli pul bazarında faiz dərəcələri vasitəsi ilə kredit aktivliyinin tənzimlənməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması məqsədəuyğun hesab edilmişdir.
Xarici sektor.
Xarici sektor göstəriciləri ötən iclasdan bəri əlverişli olaraq qalmışdır.
Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artmışdır. Bu dövrdə qeyri-neft ixracı 17% artmışdır.
Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların qiymətləri əlverişli olaraq qalır. Oktyabr ayında OPEC++ təşkilatının noyabrdan neft hasilatını aşağı salmaq qərarı neft qiymətlərinə artırıcı təsir etmişdir. Neftin və qazın qiymətlərinin yaxın perspektivdə də yüksək səviyyədə qalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə neftin bir barelinin orta qiyməti 2022-ci ildə 98.2 ABŞ dolları, 2023-cü ildə isə 85.5 ABŞ dolları səviyyəsində olacaqdır. Son vaxtlar Azərbaycanda ixracın strukturunun şaxələnməsi tədiyə balansının neftdən asılılığını azaldır.
Proqnozlara görə 2022-ci ilin yekunu ilə yanaşı 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ilə Azərbaycanın tədiyə balansının profisitli olacağını proqnozlaşdırırlar.
Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 9 ayında strateji valyuta ehtiyatları 3.5% və ya 1.8 mlrd. ABŞ dolları artaraq 55.1 mlrd. ABŞ dollarına yüksəlmişdir. Bu, 35 ay üzrə mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
Cari hesabın profisiti daxili valyuta bazarında sabitliyi dəstəkləyən əsas faktordur. Hərraclarda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə qənaətin və Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi valyuta bazarında təklifin əhəmiyyətli genişləndiyini göstərir. ARDNF-nin valyuta satışları üzrə qənaətin məbləği 27.10.2022-ci il tarixə 820.8 mln. ABŞ dolları olmuşdur. Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələrinin həcmi bu tarixə 967.1 mln. ABŞ dolları təşkil etmişdir.
Real sektor.
Qeyri-neft sektoru iqtisadi aktivliyin başlıca hərəkətverici qüvvəsi olaraq qalır.
2022-ci ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 5.6%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artmışdır. Qeyri-neft sektorunda ən çox artım turizm və ictimai iaşədə (74%), nəqliyyat və anbar təsərrüfatında (27.2%), informasiya və rabitədə (15.5%), tikintidə (13.3%) olmuşdur.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə sentyabrda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, ticarət və xidmət sektorunda yüksəlmişdir.
İqtisadi aktivliyin yüksək qalmasına məcmu tələbin bütün komponentləri şərait yaradır. 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsinin 2.9% artması istehlak tələbinin genişləndiyini göstərir. Bu dövrdə qeyri-neft investisiyalarının həcmi 18.1% artmışdır. Qeyri-neft ixracının artması da daxili tələbə dəstək verir. 9 ayda dövlət büdcəsi xərclərinin 15.6% artması məcmu tələbə təsir göstərmişdir.
2023-cü il üzrə açıqlanan dövlət büdcəsi parametrlərindən görünür ki, qarşıdakı ildə də məcmu tələbin dəstəklənməsində dövlət xərcləri əhəmiyyətli rol oynayacaqdır. Növbəti ildə cari xərclərin əhəmiyyətli artımı istehlakı daha da genişləndirəcəkdir.
Beynəlxalq maliyyə-kredit təşkilatlarının Azərbaycanda iqtisadi artımın perspektivləri ilə bağlı proqnozları ümumilikdə nikbindir. Belə ki, ən son açıqlanan payız hesabatlarında ölkəmiz üzrə 2023-cü ilə iqtisadi artım proqnozu yüksəldilmişdir.
İnflyasiya.
İllik inflyasiya tempi ötən iclasdan bəri artmışdır.
Sentyabrda aylıq inflyasiya 3.1% olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatmışdır. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6% təşkil etmiş, orta illik inflyasiya isə 13.4% olmuşdur. Baza inflyasiya illik 14.2%, orta illik 10.7% olmuşdur.
İllik inflyasiya səviyyəsinin yüksəlməsinə də ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Sentyabrda illik inflyasiyaya 9.4 faiz bəndi ərzaq, 2.5 faiz bəndi qeyri-ərzaq, 3.7 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.
Aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir.
Faktiki inflyasiya inflyasiya gözləntilərinin yüksək qalmasına səbəb olur. Sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20%-i növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorunda artmış, xidmətdə isə dəyişməmişdir.
2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilmişdir. III rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas vermişdir. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.
Monetar şərait.
Ötən iclasdan bəri monetar şəraitdə inflyasiyaya azaldıcı təsirləri gücləndirəcək bir sıra dəyişikliklər baş vermişdir.
Valyuta bazarında tarazlıq və nominal effektiv məzənnənin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdırmaqda davam edir. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempinin yüksəlməsi müşahidə edilmişdir. Belə ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi tempi 9 ayda 7.5%-ə yüksəlmişdir.
Cari ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldilmişdir.
Bütün bunlar eyni zamanda banklararası pul bazarında aktivləşmə ilə müşayiət olunur. “Blumberq” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında sentyabr ayında 788 mln. manat məbləğində 69 ədəd əqd, oktyabrın ötən dövründə isə 1426 mln. manat məbləğində 124 əqd bağlanmışdır. Oktyabrda bağlanmış əqdlərin 97%-i qısa müddətlidir (1-3 günlük). Banklararası REPO bazarında isə sentyabrda 48 mln. manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 mln. manat məbləğində 20 əqd baş tutmuşdur.
Son 2 ayda pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi faiz dəhlizinin, xüsusilə də uçot dərəcəsinin maliyyə sektorunda faizlərə təsirinin güclənəcəyini gözləməyə əsas verir. Bu da məcmu tələbin tənzimlənməsi vasitəsilə inflyasiyaya təsir imkanlarını artıracaqdır. Yeni əməliyyat çərçivəsinin tətbiqi sahəsində bank ictimaiyyəti ilə aktiv kommunikasiya da faiz dəhlizinin ötürücülüyünün güclənməsinə dəstək verir.
Yeni çeşiddə sterilizasiya əməliyyatlarının aktivləşməsi və büdcənin profisitli olması ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılmışdır.
Yüksək iqtisadi aktivlik şəraitində kreditlərə tələb də yüksək olaraq qalır. 2022-ci ilin sentyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 3%, ilin əvvəlinə nəzərən 15.1%, ötən ilin eyni ayına nəzərən isə 23.5% artmışdır.
2022-ci il ərzində verilmiş pul siyasəti qərarlarının iqtisadiyyata təsirləri cari ilin qalan dövründə və 2023-cü ildə də özünü göstərəcəkdir.
Risklər balansı.
Risklər balansı əsasən geosiyasi amillər fonunda yaranan xarici amillərdən təsirlənir.
Dünyada inflyasiya təzyiqləri yüksək olaraq qalır. BVF-nin 2022-2023-cü illər üçün qlobal inflyasiya ilə bağlı proqnozlar əvvəlkindən daha yüksək qiymət artımlarını gözləməyə əsas verir. Digər tərəfdən, qlobal iqtisadiyyatda resessiya ehtimalının artması aparıcı ölkələrin maliyyə bazarlarında və qlobal əmtəə bazarlarında dəyişkənliyi yüksəldə bilər.
İnflyasiya təzyiqlərinin xərc amilləri hesabına artdığı bir şəraitdə daxili məcmu tələb amili diqqətdə saxlanılmalıdır. Bu şəraitdə makroiqtisadi siyasətlər inflyasiya risklərinin tənzimlənməsinə yönələcəkdir. Cari ilin sonu və növbəti ilə dövlət büdcəsinin fiskal qaydaya uyğun hazırlanması, dövlətin valyuta təklifinin dinamikası makroiqtisadi sabitliyi dəstəkləyəcəkdir. Mərkəzi Bank tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi tədbirləri perspektivdə monetar şəraiti daha effektiv tənzimləməyə imkan verəcəkdir.
Faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiyanın faktiki və proqnozlaşdırılan dinamikası nəzərə alınmaqla xarici mühitdə və daxili iqtisadiyyatda yaranan risk balansından asılı olaraq qəbul ediləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda qısa və uzunmüddətli faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir.
Bu qərar 28 oktyabr 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il dekabr ayının 16-da veriləcəkdir.