2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır.
“2025-ci ilin sonuna inflyasiya 6%, 2026-cı ilin sonuna isə 5,7% olacaq”
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
“Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır” - məlumatda bildirilib.
Xatırladaq ki, AMB-nin oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir.











