Azərbaycan hökuməti son illərdə daxili istehsal hesabına əsas ərzaq malları ilə özünütəminat səviyyəsinin bir qədər yaxşılaşdığını qeyd edir.
Eləcə də bax: Azərbaycanda dondurulmuş ət idxalı üçün alternativ bazarlar - AXTARILIR
FED.az xəbər verir ki, “2021-ci ilin yekunları üzrə ölkədə ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 85% təşkil edib. Digər əsas qida məhsulları olan kartofla özünütəminat səviyyəsi 91%, tərəvəzlə 110%, meyvə ilə 116%, üzümlə 96%, yumurta ilə 100% olub”, - deyə hökumətdən bildiriblər.
Bu nəticəyə istehsalçılara fəal şəkildə subsidiyaların və güzəştli kreditlərin verilməsi, vergi və gömrük güzəştləri sayəsində nail olunub.
Xüsusilə ötən il 401,6 min fermerə 1 milyon 274,2 min hektar əkin sahəsinin becərilməsi və çoxillik bitkilərin əkilməsi üçün 247 milyon 279,7 min manat, 223 şitil və toxum istehsalçısına 6 milyon 658,4 min manat subsidiya ödənilib.
Bundan başqa, 47,1 min fermerə süni mayalanma yolu ilə alınmış 90,7 min baş iribuynuzlu heyvana görə 9 milyon 67,4 min manat, 22,2 min arıçıya 5 milyon 313,25 min manat subsidiya ödənilib.
2021-ci ildə aqrar sektorda fəaliyyət göstərən 4,5 min fiziki və hüquqi şəxsə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən 71,5 milyon manat məbləğində güzəştli kredit verilib. Fermerlərə 8,2 min ədəd kənd təsərrüfatı texnikasının alınmasında güzəştlər edilib, habelə 80 milyon manat mıbləğində kreditlər üzrə faizlər subsidiyalaşdırılıb. Həmçinin 200 sahibkarlıq subyektinə 7,3 min baş cins mal-qaranın alınması üçün 17 milyon manat güzəştli kredit verilib. (İnterfaks-Azərbaycan)