Çində daşınmaz əmlak böhranı nəticəsində tikinti şirkətlərinin satı bilmədikləri evlərin bir hissəsini dövlət özü alacaq.
FED.az «Bloomberg»ə istinadən xəbər verir ki, Çin Dövlət Şurası ölkədə satıla bilməyən milyonlarla yeni mənzilin dövlət tərəfindən satın alınması üçün yerli orqanlara göstəriş verəcək.
Bu ağır böhran nəticəsində çökmüş daşınmaz əmlak bazarını dirçəltmək üçün indiyədək görünməyən cəhd olacaq. Məsələ bundadır ki, mart ayında Çində mənzillərin satışı 47% aşağı düşüb, bazarda təklif olunan mənzil sayı isə 2016-cı ildən bəri ən yüksək həddə qalxmışdı.
Plana əsasən dövlətə məxsus şirkətlər dövlət kreditindən istifadə etməklə tikinti şirkətlərindən mənzillər alacaqlar. Bu evlərin bir hissəsi əhaliyə sosial evlər kimi satılacaq.
Çin hökuməti ötən il də buna bənzər üsuldan istifadə edib, 2023-cü ildə Çin hökuməti bəzi maliyyə qurumlarına 13 milyard dollar ayırıb ki, tikinti şirkətlərindən mənzilləri alıb sosial kirayəyə versinlər.
Rəsmi məlumatlara görə, 2023-cü ildə Çində satılmayan mənzillərin ümumi sahəsi 334 milyon kvadratmetr olub.