Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında fəaliyytə başlayan ilk ali məktəb - Qarabağ Universitetində bakalavr təhsilini başa vuran tələbələr gələcəkdə təhsillərini xaricdəki nüfuzlu universitetlərdə davam etdirə biləcəklər.
Tələbələrin öz magistratura və doktorantura təhsillərini Böyük Britaniya, Avropa və ABŞ-nin nüfuzlu ali məktəblərində davam etdirmələri üçün QU-da xüsusi akademik mühit və kurrikulum formalaşdırılıb.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına geniş müsahibəsində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini, Böyük Britaniyanın Ekseter Universitetinin məzunu Əli Məmmədov məlumat verib.
Onun sözlərinə görə, universitetin tədris proqramı və transkripti hazırlanarkən məzunların xarici universitetlərin qəbul tələblərinə tam cavab verməsi əsas meyar kimi götürülüb. Dekan müavini tələbələrin Qərb universitetlərinə rahat qəbul olunmasını təmin edən əsas üstünlükləri sadalayıb:
Bunlardan biri Oksford və Ekseter universitetinin professorları ilə hazırlanan kurrikulumdur: «Fakültənin tədris proqramı Qərbin nüfuzlu ali məktəblərinin, o cümlədən Böyük Britaniyanın Oksford və Ekseter universitetlərinin qonaq professorlarının dəstəyi ilə tam modern və beynəlxalq standartlara uyğun hazırlanıb».
Digər əsas üstünlük tədrisin tam ingilis dilində aparılmasıdır: Universitetdə yeni qəbullar üzrə tədris tamamilə ingilis dilində həyata keçirilir. Ə.Məmədovun sözlərinə görə, bu tələbələrə beynəlxalq biznes terminologiyasını və qlobal standartları mənimsəməyə, xarici ali məktəblərə müraciət zamanı dil baryeri ilə üzləşməməyə imkan verir.
Qarabağ universitetinin əsas fərqlərindən biri buradakı unikal və müasir fənn modullarıdır. Ə.Məmmədov bildirib ki, burada tələbələrə Azərbaycanda nadir hallarda tədris olunan data analitikası, süni intellektin biznes layihələrinə inteqrasiyası, Python proqramlaşdırma dili, eləcə də statistik analiz proqramları (SPSS, RStudio) öyrədilir. Bu modullar Qərb universitetlərinin magistratura proqramlarına müraciətdə tələbələrə əlavə üstünlük yaradır.
Qarabağ universitetinin tələbələrinin xaricdə təhsilinə dəstək verən ən maraqlı məqam buradakı xarici müəllimlərdir. Ə.Əmmədovun sözlərinə görə, QU-da xarici miüəllim və professorların olması təkcə təhsilin səviyyəsini artırmır, həm də onların referansları da gələcəkdə tələbələrə kömək edir. «Qərb təhsilli müəllimlərin referansları çox mühümdür. Fakültədə Böyük Britaniya və ABŞ-dən olan xarici müəllimlər, həmçinin Qərb universitetlərində təhsil almış və çalışmış yerli professorlar dərs deyir. "Western background"a (Qərb təcrübəsinə) malik bu müəllimlərin tələbələrə verdiyi tövsiyə məktubları (referanslar) xarici ali məktəblərə qəbul prosesində mühüm rol oynayır».
Nəhayət, araşdırma və analitik düşüncə vərdişləri. Dekan müavini bildirir ki, Qarabağ universitetində 4 illik bakalavr təhsili müddətində tələbələrə real biznes keysləri üzərindən dərin araşdırma aparmaq və "Capstone" layihələrində iştirak etmək öyrədilir ki, bu da onların gələcəkdə həm magistratura, həm də doktorantura pilləsində elmi fəaliyyətini asanlaşdırır.
Əli Məmmədov qeyd edib ki, maddi-texniki təchizat, akademik heyət və tədqiqatyönümlülük baxımından Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsi Böyük Britaniyanın York və Ekseter universitetləri ilə rəqabət aparacaq səviyyədə qurulub.













