2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 51 milyon 888 min ABŞ dolları dəyərində 65 min 653 ton xurma ixrac edilib.
Xurma bazarında böhran - Fermerlər dövlətdən dəstək istəyir: «Məhsulumuz alın, bizə xarici bazar tapın»
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın xurma ixracı fiziki həcm ifadəsində 26 min 243 ton və ya 28,6%, dəyər ifadəsində isə 14 milyon 987 min dollar və ya 22,4% azalıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 66 milyon 875 min dollar dəyərində 91 min 896 ton xurma ixrac olunmuşdu.
Hesabat dövründə ixrac olunan xurmanın orta statistik vahid dəyəri isə yüksəlib.
Hesablamalara görə, ixrac olunan xurmanın bir tonunun orta statistik dəyəri 728 dollardan 790 dollara yüksəlib. İllik artım təxminən 8,6% təşkil edib.
İxracın orta statistik vahid dəyərindəki artıma baxmayaraq, fiziki həcmdəki kəskin azalma Azərbaycanın xurma ixracının ümumi dəyərinin geriləməsinə səbəb olub.













