2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 156 milyon 911 min ABŞ dolları dəyərində 109 min 693 ton pambıq lifi ixrac edilib.
Fermerlər şirkətlərdən pambığın pulunu ala bilmirlər - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pambıq lifi ixracı fiziki həcm ifadəsində 9 min 368 ton və ya 9,3%, dəyər ifadəsində isə 13 milyon 711 min dollar və ya 9,6% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 143 milyon 200 min dollar dəyərində 100 min 325 ton pambıq lifi ixrac olunmuşdu.
İxrac olunan pambıq lifinin orta statistik vahid dəyərində isə cüzi artım qeydə alınıb.
Marja.az-ın hesablamalarına görə, ixrac olunan pambıq lifinin bir tonunun orta statistik dəyəri ötən ilin ilk 10 ayındakı təxminən 1427 dollardan cari ilin eyni dövründə 1430 dollara yüksəlib.
Beləliklə, Azərbaycanın pambıq lifi ixracının ümumi dəyərindəki artım əsasən ixracın fiziki həcminin artması hesabına formalaşıb.
Cari ilin ilk 10 ayında pambıq lifinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 4,92% təşkil edib.
Azərbaycanın pambıq ipliyi ixracından gəlirləri 41,5% artıb
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 38 milyon 847 min ABŞ dolları dəyərində 16 min 978 ton pambıq ipliyi ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pambıq ipliyi ixracı fiziki həcm ifadəsində 4 min 948 ton və ya 41,1%, dəyər ifadəsində isə 11 milyon 396 min dollar və ya 41,5% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 27 milyon 451 min dollar dəyərində 12 min 29 ton pambıq ipliyi ixrac olunmuşdu.
İxracın fiziki həcmi ilə statistik dəyərinin artım templərinin bir-birinə yaxın olması göstərir ki, pambıq ipliyi ixracının ümumi dəyərindəki artım əsasən ixrac olunan məhsulun miqdarının artması hesabına baş verib.
PAMBIQ LİFİ VƏ PAMBIQ İPLİYİNİN ÜMUMİ İXRACI 196 MİLYON DOLLARA YAXINLAŞIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracının ümumi dəyəri 195 milyon 758 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu iki məhsul üzrə ixracın ümumi dəyəri 170 milyon 651 min dollar olmuşdu. Beləliklə, Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracının ümumi dəyəri 25 milyon 107 min dollar və ya 14,7% artıb.













