Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
FED.az xəbər verir ki, sənədə əsasən, bundan sonra operativ vergi nəzarəti əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək. Buna görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 %-i qədər maliyyə sanksiyası tətbiq ediləcək.
Bu yeniliklər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 % – 2027-ci il yanvarın 1-dən 3 il müddətində, hüquqi şəxslərin isə həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində vergidən azad edilir.
Eyni zamanda, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı – 2027-ci il fevralın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qoşquların və yarımqoşquların idxalı isə 2027-ci il fevralın 1-dən 3 il müddətinə gömrük rüsumundan azad olunur.













