“Azərbaycan Hava Yolları”nın (AZAL) 2025-ci ildə ümumi gəlirləri 1 milyard 245 milyon 932 min manat təşkil edib.
FED.az xəbər verir ki, AZAL-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatına görə, aviaşirkətin gəlirləri 2024-cü illə müqayisədə 44 milyon 696 min manat və ya 3,7 faiz artıb.
2024-cü ildə AZAL-ın ümumi gəlirləri 1 milyard 201 milyon 236 min manat, 2023-cü ildə isə 881 milyon 854 min manat təşkil etmişdi. Beləliklə, 2023–2025-ci illər ərzində aviaşirkətin illik gəlirləri 364 milyon 79 min manat və ya 41,3 faiz artıb.
AZAL-ın əsas gəlir mənbələrini müntəzəm sərnişindaşımaları, yükdaşımaları, çarter reysləri və sərnişinlərə göstərilən əlavə xidmətlər təşkil edir.
Hesabatda qeyd edilib ki, gəlirlərin artması əsasən sərnişindaşımalarına tələbatın yüksəlməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və orta tariflərin artması ilə əlaqədardır.
ƏMƏLİYYAT XƏRCLƏRİ GƏLİRLƏRDƏN DAHA SÜRƏTLİ ARTIB
2025-ci ildə AZAL-ın əməliyyat xərcləri əvvəlki illə müqayisədə 106 milyon 630 min manat və ya 9,4 faiz artaraq 1 milyard 245 milyon 19 min manata çatıb. 2024-cü ildə bu göstərici 1 milyard 138 milyon 389 min manat təşkil etmişdi.
Aviaşirkətin əsas xərc istiqamətlərini yanacaq, sərnişinlərə xidmət, yerüstü xidmətlər, təyyarələrin texniki xidməti, hava limanı və aeronaviqasiya xidmətləri, eləcə də təyyarələrin icarəsi təşkil edir. Hesabata əsasən, əməliyyat xərclərinin artması başlıca olaraq sərnişinlərə xidmət və yerüstü xidmət xərclərinin yüksəlməsi, həmçinin əməliyyat fəaliyyətinin genişlənməsi ilə bağlıdır.
ƏMƏKHAQQI XƏRCLƏRİ TƏQRİBƏN 20 FAİZ ARTIB
2025-ci ildə AZAL-ın işçilərinin əməkhaqqı və sosial təminatı üzrə xərcləri 21 milyon 766 min manat və ya 19,7 faiz artaraq 132 milyon 466 min manata yüksəlib. Bu göstərici 2024-cü ildə 110 milyon 700 min manat, 2023-cü ildə isə 77 milyon 444 min manat təşkil etmişdi.
Eyni zamanda, aviaşirkətin faiz ödənişləri 17 milyon 498 min manat və ya 41,3 faiz azalaraq 24 milyon 901 min manata düşüb. Şirkət faiz ödənişlərinin azalmasını maliyyələşdirmə şərtlərindəki və kapital strukturunun idarə edilməsindəki dəyişikliklərlə əlaqələndirib.
AKTİVLƏRİ 2 MİLYARD MANATA YAXINLAŞIB
2025-ci ilin sonunda AZAL-ın cəmi aktivləri 1 milyard 949 milyon 533 min manat təşkil edib. Aviaşirkətin aktivləri bir il ərzində 327 milyon 481 min manat və ya 20,2 faiz artıb.
Şirkətin ümumi kapitallaşması isə 197 milyon 270 min manat və ya 49,7 faiz artaraq 594 milyon 206 min manata çatıb.
2025-ci ildə kapital investisiyalarının həcmi 356 milyon 307 min manat təşkil edib. Bununla belə, hesabatda bu göstəricinin əvvəlki illə müqayisədə kəskin artmasının əsasən hesablama metodologiyasındakı fərqlərlə əlaqədar olduğu bildirilib.
SƏRNİŞİNDAŞIMALARINDA REKORD
2025-ci ildə AZAL 4 milyon 155 min 113 sərnişin daşıyıb. Bu, 2024-cü illə müqayisədə 114 min 778 nəfər və ya 2,8 faiz çoxdur. Ötən il biznes sinfində daşınan sərnişinlərin sayı 30,7 faiz artaraq 123 min 432 nəfərə, ekonom sinfində daşınan sərnişinlərin sayı isə 2,2 faiz artaraq 4 milyon 31 min 665 nəfərə çatıb.
Aviaşirkət 2025-ci ildə 35 min 161 uçuş həyata keçirib ki, bu da əvvəlki illə müqayisədə 3,3 faiz çoxdur.
Hesabatda AZAL-ın xalis mənfəəti və ya zərəri barədə ayrıca məlumat təqdim edilməyib.













