Gələn ildən Azərbaycan bankları 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq.
AMB rəsmisi: "Bankların birləşməsi kredit faizlərini artırmır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə bildirib.
Onun sözlərinə görə, ekoloji, sosial və idarəetmə (ESİ) ilə bağlı risklər risklərin idarə edilməsi sisteminə inteqrasiya olunmalıdır: "Bu risklər ayrıca risk kateqoriyası kimi deyil, qeyd etdiyim kimi, ənənəvi risklərə təsir kanalları vasitəsilə nəzərə alınmalıdır. Bununla yanaşı, daxili audit bölməsindən ESİ risklərinin necə idarə olunduğunun yoxlanılması və qiymətləndirilməsi tələb olunur. ESİ hədəflərinə nail olunması ilə bağlı məsələlər mükafatlandırma sistemində də öz əksini tapmalıdır. Korporativ idarəetmə standartlarının 5 saylı əlavəsinə əsasən, 2027-ci ilin I rübündən banklar etibarən dayanıqlılıq göstəriciləri ilə bağlı məlumatları açıqlamalıdırlar. Bu məlumatlar 4 istiqamət üzrə qruplaşdırılıb: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri".
"Bu 4 istiqamət dayanıqlılıq məlumatlarının açıqlanması üzrə ilk beynəlxalq çərçivələrdən biri olan TCFD-də (Task Force on Climate-related Financial Disclosures), eləcə də hazırda 50-yə yaxın yurisdiksiyada qəbul edilmiş və tətbiq olunan IFRS S1 və S2 standartlarında öz əksini tapıb. Banklardan tələb etdiyimiz məlumatların əhatə dairəsi qeyd etdiyim beynəlxalq çərçivələrlə, xüsusilə IFRS standartları ilə müqayisədə hələ tam detallı və əhatəli deyil. Burada əsas məqsəd bankların hazırkı hazırlıq səviyyəsini və potensialını nəzərə almaq, onlara keçid dövrü verməkdir. Gələcək mərhələlərdə isə bu sahədə açıqlama və hesabatlılıq tələbləri daha da genişləndiriləcək. Bankların ESİ üzrə vəzifə və səlahiyyət bölgüsü, rəhbərliyin bacarıqları, bunların mükafatlandırma siyasətində nəzərə alınıb-alınmaması açıqlamalarını istəyirik", - deyə AMB rəsmisi əlavə edib.
Bundan başqa, Ə.Əhmədzadə deyib ki, banklar "yaşıl kreditlər"lə yanaşı maliyyələşdirdikləri emissiyaları açıqlamalıdır: "Banklar iqlim və digər ESİ risklərinin onların biznes modellərinə təsirini necə qiymətləndirdiklərini açıqlamalıdırlar. Eyni zamanda, iqlim hədəfləri və ya keçid planları barədə məlumat verməli, dayanıqlı məhsul və xidmətləri varsa, onları təqdim etməlidirlər. Qeyd etdiyim risklər, xüsusilə fiziki və keçid riskləri üzrə bankların hər bir riski ayrı-ayrılıqda necə qiymətləndirdiyi, bu risklərin qısa, orta və uzunmüddətli dövrlərdə hansı təsirlərə malik olduğu açıqlanmalıdır. Əgər stress-testlərdən istifadə olunursa, onların nəticələri də ictimaiyyətə təqdim edilməlidir. Kəmiyyət məlumatlarına gəldikdə isə, banklardan yaşıl kreditlərin, həmçinin dayanıqlılıqla əlaqəli kreditlərin həcmini, iqtisadi sektorlar üzrə maliyyələşdirdikləri kreditləri və bunun nəticəsində yaranan maliyyələşdirilmiş emissiyaları açıqlamalarını istəyirik". (Report)















