İlon Maskın süni intellekt şirkəti xAI-nin üç həmtəsisçisi Qodun Çjan, Tszixan Day və Manuel Kroyss gələcək hadisələrin proqnozlaşdırılması ilə məşğul olacaq yeni süni intellekt startapı yaradıblar.
FED.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Epochal” adlı yeni startap süni intellekt agentlərinə internetin müəyyən zaman kəsiyində mövcud olmuş arxiv versiyasından istifadə etməyə imkan verən məhsul hazırlayıb. Şirkətin Time Portal (zaman portalı) adlandırdığı bu texnologiya vasitəsilə tərtibatçılar süni intellekti gələcək hadisələri proqnozlaşdırmağa öyrədirlər.
“Epochal” komandası müxtəlif sahələrdə qərarların qəbuluna kömək edəcək qabaqcıl model yaratmağı planlaşdırır. Şirkətdə hesab edirlər ki, hər bir qərar əslində proqnoz olduğundan, insan imkanlarını aşan proqnozlaşdırma qabiliyyəti demək olar ki, bütün sənaye sahələrini dəyişdirəcək.
Qeyd edək ki, startapın yaradıcıları 2026-cı ilin fevralında xAI şirkətinin SpaceX ilə birləşməsindən sonra istefa veriblər. Adıçəkilən layihəyə xAI, OpenAI, Anthropic və Google şirkətlərinin keçmiş əməkdaşları da qoşulublar.
“Bloomberg”in mənbəyə istinadla bildirdiyinə görə, Qodun Çjan yeni layihəyə şəxsi vəsaitindən 100 milyon dollar yatırmağı planlaşdırır.













