ABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarının tövsiyələrinə baxmayaraq, guya dostları ilə ünsiyyət zamanı qorunmayan şəxsi mobil telefondan istifadə etdiyi barədə “The New York Times” qəzetinin yaydığı məlumatı təkzib edib.
FED.az xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. “The New York Times” qəzetinin “Tramp üzrə ekspertlərinin” mənim telefon zənglərim barədə yazdıqları uzun-uzadı və darıxdırıcı məqalə həqiqətdən o qədər uzaqdır ki, onları düzəltməyə vaxtım yoxdur. Mən yalnız hökumət telefonlarından istifadə edirəm. Mənim yalnız hökumətdən aldığım və nadir hallarda istifadə etdiyim bir mobil telefonum var”, - deyə prezident bildirib.
Bir qədər əvvəl “The New York Times” qəzetinin Birləşmiş Ştatların hazırkı və sabiq vəzifəli şəxslərinə istinadla yaydığı məlumata görə, Donald Tramp xüsusi xidmət orqanlarının tövsiyələrinə baxmayaraq, dostları ilə ünsiyyət zamanı dinləmədən qorunmayan “iPhone” telefonlardan istifadəni məhdudlaşdırmır.
“ABŞ-ın xüsusi xidmət orqanları digər ölkələrdən aldığı məlumata əsasən, prezidentin şəxsi zənglərinin Çin və Rusiya kəşfiyyatı tərəfindən dinlənildiyi qənaətinə gəlib. Çin tərəfi bu yolla Ağ ev rəhbərinin qərar qəbul edərkən daha çox kimi eşitdiyini və kimin rəyinə etimad bəslədiyini başa düşməyə çalışır. Pekinin əsas məqsədi Vaşinqtonla ticarət müharibəsinin kəsinləşməsinə yol verməməkdir”, - qəzet belə yazıb.