Moskva rayon məhkəməsi Google-u Ukrayna müharibəsi ilə bağlı məzmunu silmədiyinə görə 360 milyon avro cərimələyib.
Eləcə də bax: "Google" Rusiyadakı filialının iflas olduğunu - ELAN EDİB
Rusiyanın media monitorinqi agentliyi Roskomnadzor bildirib ki, ABŞ-da yerləşən Google-a məxsus onlayn video paylaşım və sosial media platforması YouTube “qadağan olunmuş” şəkilləri silməkdən dəfələrlə imtina edib. Bu görüntülərdə “Rusiya ordusunu gözdən salan saxta xəbərlər” olduğunu iddia edən Roskomnadzor həmçinin “YouTube” şirkətini “ekstremistləri tərifləməkdə və gəncləri icazəsiz nümayişlərdə iştirak etməyə təşviq etməkdə” ittiham edib.
FED.az Banker.az-a istinadən xəbər verir, Moskva rayon məhkəməsi Roskomnadzorun irəli sürdüyü ittihamları qəbul edərək, Rusiyada bir texnologiya şirkətinə verilən ən böyük cəriməni kəsib.
Roskomnadzorun bəyanatında deyilir: “Google və informasiya mənbələri qadağan olunmuş məlumatların silinməməsi ilə bağlı Rusiya qanunvericiliyinin pozulmasına görə müntəzəm olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar”. Açıqlamada bu cərimənin Google şirkətinin illik gəliri nəzərə alınaraq kəsildiyi bildirilib.
Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra digər texnologiya şirkətləri kimi Google da bu ölkədəki fəaliyyətini dayandırıb. Məhkəmə qərarı ilə bağlı indiyə qədər heç bir açıqlama verməyən Google şirkəti bu cəzaya etiraz etmək üçün apellyasiya məhkəməsinə müraciət etmək hüququna malikdir.