İnternet nəhəngi “Facebook” koronavirus səbəbindən bütün işçilərinə 1000 dollar bonus verəcək.
FED.az xəbər verir ki, qərar işçilərə şirkətin baş direktoru Mark Zukerbergdən gələn bir elektron məktubla bildirilib.
Eləcə də bax: “Facebook” tibbi maskaların reklamına - QADAĞA QOYUB
Yeni qərarın müqaviləli işçilərə aid olub-olmamasına hələ aydınlıq gətirilməyib. Şirkətin dünyada 45 min tam ştatlı işçisi var.
“Facebook” həmçinin koronavirusdan təsirlənən digər şirkətlərə də dəstək olmaq qərarına gəlib. Bu çərçivədə kiçik şirkətlərə 100 milyon dollar qrant və kredit verəcəkdir. Proqram üçün 30 min kiçik şirkət seçiləcək. Bu şirkətlərin “Facebook”u fəal şəkildə istifadə edib-etməmələri yoxlanılmayacaq.
Qeyd edək ki, “Facebook” əvvəllər işçilərə koronavirus tədbirləri çərçivəsində evdən işləməyə icazə vermişdi.