Dünyanın əsas sosial şəbəkəsi olan «Facebook» növbəti yeniliyə imza atıb. FED.az xəbər verir ki, şəbəkə bu dəfə tanışlıq servisini işə salıb.
Xaricdən gətirilən telefonlara görə rüsum – YENİ QƏRAR
Hələlik yeni servis Kolumbiyada aktivdir. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Dating servisini hələ bu ilin May ayında anons etmişdi. Facebook Dating servisi iOS və Android üçün olan Facebook tətbiqinin daxilində çalışır. Onu “Hamburger” menyusu vasitəsilə işə salmaq olar. Servis yalnız 18 yaşdan yuxarı insanlar üçün aktivdir. Onun daxilində isə hələki reklam və ya ödənişli funksiyalar yoxdur. Facebook Dating-ə keçid edən kimi servis istifadəçiyə əlavə hesab yaratmağı təklif edir. İstifadəçinin əsas Facebook hesabından isə yalnız onun adı və yaşı götürülür. Dating-də hesabın yaradılması üçün istifadəçi öz qısa bioqrafiyasını (təhsil, iş yeri, ailə vəziyyəti və s.) qeyd etməli və 20 suala cavab verməlidir.
Həmin suallar arasında “Sizin gününüz necə ideal olur?” və ya “Sizi oxumağa həvəsləndirən mahnı hansıdır?” kimi suallar var. Bundan əlavə olaraq istifadəçi servisə 12 foto da yükləyə bilər. Həmin fotoları əsas Facebook hesabından və ya Instagram hesabından köçürmək mümkündür. Bundan sonra istifadəçi yerləşdiyi yerdən 100 km-lik radiusda potensial partnyoru axtara bilər. İstifadəçinin yerini isə Facebook özü avtomatik təyin edəcək. İnsanların müəyyən region üzrə axtarışı funksiyası olmayacaq. Sosial şəbəkə istifadəçiyə oxşar maraqlara və qeydiyyat zamanı verilmiş cavablara sahib potensial partnyorları təklif edəcək. İstifadəçinin əsas Facebook hesabındakı dostlar və bloklanmış istifadəçilər Dating servisdə istifadəçiyə təklif olunmayacaq.
Bundan əlavə olaraq Facebook Dating servisində qeydiyyatdan keçməmiş istifadəçini həmin servisdə tapmaq mümkün olmayacaq. Baxmayaraq ki, həmin şəxsin əsas Facebook hesabı var. Ünsiyyət üçün qarşılıqlı razılaşmanın əldə olunması prinsipi ilə çalışan Tinder kimi tanışlıq servislərindən fərqli olaraq Facebook Dating-də istifadəçi istənilən digər istifadəçiyə yaza bilər. Lakin bu məsələdə limit var. Belə ki, istifadəçi gün ərzində 100 nəfərdən çox insana yaza bilməz. Potensial partnyor isə istifadəçinin yazdığı mesaja cavab verə və ya onu rədd edə bilər. Ünsiyyət prosesi servisin daxilindəki çat vasitəsilə reallaşdırılır. Həmin çatda ünsiyyət isə yalnız mətnli mesaj və emojilər vasitəsilə həyata keçirilir. Çat hələki videocall və ya foto göndərmək özəlliyinə sahib deyil.
technote.az