Azərbaycanda şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” tədbirində bildirib.
Mərkəzi Bank nümaynədəsi bildirib kİ, vətəndaşlara tez-tez banklar adından dələduzluq məqsədilə zənglər edilir: “Özlərini bank əməkdaşı kimi təqdim edən şəxslər kart məlumatlarını tələb edərək vəsaitlərin təhlükədə olduğunu bildirirlər. Bu, ən geniş yayılmış dələduzluq üsullarından biridir".
Belə vəziyyət vətəndaşların bəzən vəsait itirilməsi ilə yanaşı, kartlara inamının azalmasına da səbəb olur. Bunun qarşısını almaq üçün Mərkəzi Bank həm öz səlahiyyətləri, həm də digər qurumlarla əməkdaşlıq edərək onların səlahiyyətləri vasitəsilə dələduzluq hallarının qarşısını almaq niyyətindədir.
AMB nümayəndəsi bununla bağlı atılan addımları açıqlayıb, əsas addımlardan biri dələduzluq edilən nömrələrin "qara" və "boz" siyahılarının hazırlanmasıdır: "FinCERT və anti-fraud komandası olaraq bizim əsas fəaliyyətimiz koordinasiyanı təmin etməkdir. Bunun üçün “blacklist” və “graylist” siyahılarından istifadə edirik. “Blacklist” şübhəli əməliyyatlar əsasında formalaşdırılır. Məsələn, başqa bir bankdan başqa banka yönləndirilən vəsaiti vaxtında aşkarlayıb dondura bilmişiksə, bu, uğurlu nəticə hesab olunur. Çünki vəsaitin ölkədən çıxarılmasının qarşısı alınmış olur. Hadisədən sonra təhlil apararkən əsas suallardan biri zənglərin mənbəyinin müəyyən edilməsidir. Bu zənglər IP nömrələri, qısa nömrələr, WhatsApp və ya adi mobil nömrələr vasitəsilə həyata keçirilə bilər".
Mərkəzi Bank bildirir ki, proses çox sahələri, o cümlədən telekommunikasiya sektorunu da əhatə edir. Amma belə halları araşdırarkən, AMB-nin səlahiyyəti maliyyə sektorundan kənara çıxa bilmir, ona görə də ölkənin maliyyə requlyatoru digər qurumlarla birlikdə işləyir: "Aşkarlama mərhələsində AMB-nin mandatı maliyyə sektoru ilə məhdudlaşır. Məsələn, telekommunikasiya sektoruna birbaşa müdaxilə imkanımız yoxdur. Bununla belə, problemlərin operativ həlli üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti ilə memorandumlar imzalamışıq. Məqsəd odur ki, təqdim etdiyimiz hallara qısa müddətdə reaksiya verilsin. Gələcəkdə GSM operatorları ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur".
Əsas addımlardan biri şübhəli nömrələrin bloklanması və onların sahiblərinin tapılıb onlara qarşı tədbirlərin görülməsidir:
"Şübhəli nömrələr barədə məlumat təqdim etdikdə onların operativ şəkildə bloklanması, məhdudlaşdırılması və ya həmin nömrələrin sahibinə dair məlumatların əldə olunması mümkün olarsa, növbəti mərhələdə hüquq-mühafizə orqanları ilə daha effektiv iş aparmaq mümkün olacaq. Bu prosesdə hər bir sektorun və hər bir tənzimlənən subyektin öz məsuliyyəti var. Əsas məqsəd zərərin qarşısını almaq və sonradan hadisənin səbəblərini təhlil edərək oxşar halların təkrarlanmasının qarşısını almaqdır”, – deyə AMB rəsmisi qeyd edib.
Mərkəzi Bank nümayəndəsinin sözlərinə gərə, dələduzluq halları ilə bağlı risklər də dəyişib: “Əvvəllər anomaliyalar məntiqi qaydalar əsasında müəyyən edilirdi. Məsələn, gecə saatlarında həyata keçirilən əməliyyatlar və yaxud hesabdakı vəsaitin 80%-nin köçürülməsi risk göstəricisi hesab olunurdu. Belə hallarda anti-fraud komandası əməliyyata reaksiya verir, kartı bloklayır və ya avtomatik səsli zəng vasitəsilə müştəridən əməliyyatı təsdiqləməsi tələb olunur. Lakin yanaşma təkcə insan faktoruna əsaslanmamalıdır. Əsas diqqət davamlı və effektiv proseslərin qurulmasına yönəlməlidir. Hərçənd bu prosesləri hazırlayan da, təkmilləşdirən də insanlardır”.













