«Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara edilən yeni dəyişikliklər Azərbaycanda rəqəmsal ekosistemin tənzimlənməsində yeni bir mərhələnin başlanğıcıdır. Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan kiçik şəxslərin fərdi rəqəmsal hesablarının məhdudlaşdırılması və silinməsi tələbi birbaşa platformaların və təminatçıların üzərinə öhdəlik kimi qoyulur».
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyib.
Onun sözlərinə görə, ölkədə 16 yaşa qədər təxminən 2,3–2,5 milyon uşağın olduğunu və sosial media istifadəsinin əsasən 7–15 yaş aralığında cəmləşdiyini nəzərə alsaq, eyni uşağın fərqli platformalardakı paralel və saxta profilləri ilə birgə silinmə riski altında olan rəqəmsal hesabların ümumi sayı təxminən 1,5 – 2,5 milyon aralığında qiymətləndirilə bilər: «Əlbəttə ki, real silinmə miqyası sosial şəbəkələrin tətbiq edəcəyi yaş yoxlama (Age Verification/KYC) mexanizmlərinin sərtliyindən və uşaqların valideyn kimliyi ilə açdığı hesabların aşkarlanma dəqiqliyindən birbaşa asılı olacaq».
Bəs ən çox hansı sosial şəbəkə hesabları silinəcək?
Ekspert qeyd edib ki, sosial şəbəkələr üzrə hesabların silinmə nisbətinə gəldikdə isə, ən böyük itki uşaq auditoriyasının ən sıx toplandığı «TikTok» platformasında olacaq: «İkinci sırada isə vizual kontent və mesajlaşma üçün aktiv istifadə olunan «Instagram»da müşahidə olunacaq. «YouTube» platformasında fərdi kanal idarə edən uşaqların hesabları da bu dəyişiklikdən payını alacaq, «Facebook» isə uşaqlar arasında populyarlığını çoxdan itirdiyi üçün bu prosesdən ən az təsirlənən şəbəkə olacaq».
Elvin Abbasov bildirib ki, reklam aləti kimi cəlbedicilik müstəvisində 16 yaşdan kiçik şəxslərin müstəqil alıcılıq qabiliyyəti (maliyyə/kart sahibi) olmaması səbəbindən bizneslərin əsas hədəf auditoriyası (18+) yerində qalacaq:
«Uşaq hesablarının silinməsi ümumi baxış və aktivlik statistikalarını (reach/impressions) aşağı salsa da, reklam büdcələrinin boşa xərclənməsinin (boş kliklərin) qarşısını alacaq, hədəfləmənin dəqiqliyini artıracaq və nəticədə rəqəmsal reklam bazarının keyfiyyətini yüksəldəcək».












