Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən keçirilən “WSIS-2024” müsabiqəsində qalib olub.
Nazirlikdən FED.az-a bildirilib ki, müsabiqəyə “Hökumət buludu” layihəsi ilə qatılan “AzInTelecom” “İnformasiya və kommunikasiya infrastrukturu” nominasiyasında çempion olub.
İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində “AzInTelecom”un departament direktoru Renat Rüstəmov şirkət adından mükafatı qəbul edib.
Qeyd edək ki, bu il müsabiqəyə müxtəlif ölkələrdən 1000-dən çox elektron layihə təqdim olunub. Ekspertlər qrupunun rəyi əsasında onlardan 360-ı müsabiqəyə buraxılıb. Çempionlar ictimaiyyət üçün açıq olan səsvermə prosesi ilə seçilib. Səsvermədə 2 milyondan artıq insan iştirak edib.