Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının ötən ildən başlayan əməkdaşlığı sosial kampaniya ilə davam edir.
FED.az xəbər verir ki, layihənin məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gündəmdə olan bir sıra mühüm sosial mövzuları da işıqlandırmaqdır.
Azercell və Azərbaycan Cüdo Federasiyası ictimaiyyətə bu əməkdaşlığın məqsədini əks etdirən videoçarx təqdim ediblər. Sözügedən çarx həmçinin gəncləri yeni nailiyyətlərə həvəsləndirmək və çağırışlara açıq olmaq məqsədi daşıyır.
Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən gənclərə Azərbaycan Cüdo Federasiyası tərəfindən əlavə imkanlar təqdim olunacaq və bu istiqamətdə fərqli aksiyalar keçiriləcək.
Silsilə tədbir və təşəbbüslərdən ibarət olacaq kampaniyaya əsaslı və hərtərəfli dəstək verməklə Azercell bir daha insan həyatının keyfiyyətinin həm texnoloji, həm də sosial baxımdan artırılmasına diqqət ayırmaq, cəmiyyətin inkişafına töhfə verən layihələrlə çıxış etmək niyyətindədir.