Startap quran gənc qadınlar təqdim etdikləri məhsulun doğru istiqamətləndirilməsi və təkmilləşdirilməsi imkanı qazanıblar
FED.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" proqramının növbəti mərhələsi yekunlaşıb. Qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılması və startap ideyalarının inkişafına yönəlmiş layihədə gənc qadınlardan ibarət 5 komanda öz ideyalarını formalaşdırmaq və təkmilləşdirmək, öyrəndiklərini təcrübə ilə möhkəmləndirmək imkanı əldə edib. Layihə boyu iştirakçılar texnologiya sahəsini əhatə edən təlimlər keçiblər.
Sözügedən proqramda xanımlar peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları liderləri və startap təsisçiləri ilə görüşüblər, ideyalarının inkişafı üçün inkubasiya proqramını keçib, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı qazanıblar.