Azərbaycanlılar danışmağı çox sevir. Bu sübuta ehtiyacı olmayan faktı təsdiqləmək üçün bircə nüansı deyək ki, ölkə büdcəsinə qeyri-neft sektorundan ən böyük daxilolma məhz mobil operatorların xidmətlərindən gəlir. Bundan başqa, Azərbaycanda mobil telefon sosial statusun görüntüsünə çevrilib: ac qalıb bahalı telefona kredit ödəyənlər az deyil.
Hazırda satışda olan ən bahalı telefonlar
Beləliklə, hazırda mobil telefon satışı mərkəzlərində satılan:
- Ən bahalı telefon “iPhone XS Max 256GB” smartfonudur. Qiyməti 3299 manatdır.
Qiymət bahalığına görə:
- “iPhone XS 256GB” smartfonu ikincidir. Qiyməti 3099 manat təşkil edir. A12 Bionic, Yeni nəsil Neural Engine prosessoruna malikdir.
- “iPhone XS 64GB” smartfonu isə 2599 manata satılır. Və bu son modellər suya davamlılığı ilə öyünür.
- “Samsung Galaxy Note9” (Midnight Black) qeyd etmək olar. Smartfonun qiyməti 2099 manatdır.
- “Vertu Constilition Ceramika”. İşlənmişi 1 550 manatdır. Bilənlər bilir ki, bu telefonun funksionallığı çox zəifdir, daha çox sosial nüfuzunu görüntüləmək vasitəsidir.
“Çox yaxşı satılır”
Bu gün mobil telefonları əksər azərbaycanlılar həm də maddi vəziyyəti barədə ismarıc kimi göstərirlər. Bu fikrə, əslində, şübhəmiz yox idi, amma yenə də araşdırmaq qərarına gəldik. Beləliklə, telefon satış mərkəzləri üç mindən yuxarı mobil telefonların satışından çox razıdırlar.
“Soliton” Mağazalar Şəbəkəsi: “Çox yaxşı satılır. Nağd da alan var, kreditlə də. Kredit şərtləri budur ki, dəyərinin 20 faizi əvvəlcədən ödənilir, üstəlik, dəyərinin 30 faizi həcmində kredit faizi qoyuruq”.
Beləliklə, təsəvvür edin ki, kimsə üç minlik telefon gəzdirmək üçün nağd pulu olmadığı halda, kreditə girir!
“Yeddi min dollarlıq telefon gətirmişdilər”
Bakının ən məşhur telefon ustası Aqşin Abdulla:
“Mənə təmir üçün gətirilən ən bahalı telefon yeddi min dollarlıq olub. Detalı tapılmadığından təmir edə bilməmişəm. Bir də qızıl suyuna salınmış, üzərinə dövlət rəsmilərinin şəkilləri həkk edilmiş telefonlar da bahalıdır. Bu telefonlar, əsasən, məmurlarda olur”.
“Belə adamlardan ehtiyat edirəm ki, yəqin, nəsə problemi var”
Uzun müddətdir ki, mobil rabitə bazarının ən böyük müştərisi ilə əməkdaşlıq edən Samir İsmayıl:
“Ətrafımdakı insanlarda bahalı telefonlar çox görmüşəm. Xüsusən bir dəfə “Vertu” diqqətimi çəkib. Bu telefonu başa düşmürəm, heç bir funksionallığı yoxdur, amma varlılar onu gəzdirməyi çox sevirlər. Açığı, belə insanları görəndə bir qədər ehtiyat edirəm ki, yəqin, nəsə problemi var.
Yadımdadır ki, bir neçə il əvvəl telefon ticarəti ilə məşğul olan azərbaycanlı tanışım mənə zəng vurdu ki, Dubaydayam, arxası qızıldan, üstündə brilyant qaşları olan telefon var, 25 min dollara! Güldüm, bunu kim eşitsə, gülər! Ümumiyyətlə, telefona bu qədər çox pul verənləri başa düşmürəm, axı nəyə lazımdır? Heç aldığımız telefonun funksionallığının 40 faizini belə istifadə etmirik”.
P.S. XXI əsrdə mobil telefonlarsız yaşamaq mümkün deyil. Düşünün, bir soyuducunu neçə il işlədirik, bir telefonu nə qədər? Soyuducunu ancaq sizin evə gələn görür, telefonu isə hamıya göstərirsiniz. Bax, əsl məsələ budur: göstərmək xəstəliyi.