Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci ildəki fəaliyyətinə dair hesabatını açıqlayıb.
İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabatda uçota alınan provayderlər üzrə nəzarət və tənzimləmə tədbirləri barədə məlumatlar da yer alıb.
Qeyd edilib ki, 2025-ci ildə də İKTA-nın uçot sisteminə daxil edilmiş internet operatorları və provayderlərinin, o cümlədən host provayderlərin fəaliyyəti üzərində nəzarət və tənzimləmə işləri davam etdirilmişdir. Bu çərçivədə, uçota alınan şirkətlərin fəaliyyətinin müvafiq qanunvericilik və tənzimləyici qaydalara uyğunluğu mütəmadi olaraq yoxlanılmışdır.
Şirkətlərin hüquqi və texniki tələblərə riayət etməsi, həmçinin müvafiq fəaliyyət standartlarına uyğunluq daimi nəzarətdə saxlanılmışdır. Ötən illər ərzində, uçota alınan 191 şirkətdən 22-nin uçotu müxtəlif səbəblərlə ləğv edilmişdir. Bu şirkətlərin uçotdan çıxarılmasının əsas səbəbləri arasında qanunvericiliyin tələblərinə əməl etməmək, fəaliyyətin dayandırılması, hüquqi şəxsin yenidən təşkili, başqa provayderə birləşməsi və digər hüquqi pozuntular yer alır.
Qeyd edilib ki, şirkətlərin tələblərə uyğun fəaliyyət göstərməməsi, bazarın düzgün və şəffaf işləməsini təmin etmək məqsədilə ciddi tədbirlərin görülməsinə səbəb olmuşdur.
Qeyd edilməlidir ki, sorğuların vaxtında cavablandırılması şərti, operator və provayderlərin fəaliyyətində şəffaflığı təmin edən əsas tələblərdən biri olaraq, İKTA tərəfindən ciddi şəkildə izlənilir.
Hazırda ölkə üzrə uçotu aktiv olan 148 sabit internet provayderi mövcuddur. Bununla yanaşı, bazarda 3 mobil operator və 17 host provayder də fəaliyyətini davam etdirir.










