Milli Məclis Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanuna dəyişiklikləri qəbul edib.
FED.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir, miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi proseduru təkmilləşdirilir, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin, müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.
Bundan başqa, vərəsələrin kreditorlar qarşısında məsuliyyəti yeni qaydada tənzimlənəcək, kreditorların təmin edilməsi zamanı sübutetmə yükü müəyyənləşəcək.
Dəyişikliyə əsasən, irsi transmissiya, yəni miras açıldıqdan sonra vərəsənin ölməsi ilə ölmüş vərəsənin vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik əsası təkmilləşdirilir, miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin də hüquqları təmin olunması nəzərdə tutulur.
Dəyişiklik layihəsində mirasın əldə edilməsi qaydasının dəyişməsi də əksini tapıb.
Qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Layihəyə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər.