Cəfərov Rasim Qasım oğlu 07.01.1984-cü ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olub. Düşmənlə üzbə-üz olan Əlibəyli kəndində yaşayır. 11.01.2002 tarixindən 05.06.2003 tarixinədək Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Müddətli həqiqi hərbi xidmətini bitirdikdən sonra 28.10.2005-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələr Təlim və Tədris Mərkəzində Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu kursunu bitirmiş və 28.10.2005-ci il tarixində 812 nömrəli hərbi hissədə mina atan komandiri vəzifəsinə təyin olunmuşdur. 28.10.2005-ci il tarixindən 29.03.2020-ci il tarixinədək Tovuz rayonunda ön xətdə yerləşən postlarda müxtəlif vəzifələrdə 17 il xidmət etmişdir.
Eyni zamanda 2016-cı ildə aprel döyüşləri gedən zamanda ön xəttə vəzifə borcunu yüksək səviyyədə yerinə yetirmişdir. Əlavə olaraq qeyd edək ki, 17.03.2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə, 24.06.2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə, 26.06.2019-cu ildə isə “Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medal” ilə təltif olunmuşdur. Xidmət dövründə isə yuxarı komandanlıq tərəfindən dəfələrlə “Təşəkkür”, həmçinin 2019-ci ilin yekunlarına görə xidmətdə fərqləndiyinə görə əlavə olaraq yenə “Təşəkkür” ilə həvəsləndirilib.
Uzun müddət vətənə nümunəvi xidmət edən hərbi qulluqçu Cəfərov Rasim Qasım oğlu 28.03.2020-ci il tarixində atasının sağlamlığında (ürək problemi) yaranan problem ilə əlaqədar tabe olduğu tabor komandirindən icazə alaraq atasına həkim aparmaq üçün yaşadığı evə getmişdir. Qeyd edək ki, bu hadisə gecə radələrində baş vermişdir. Cəfərov Rasim səhər saatlarında xidmət yerinə qayıtdıqda isə artıq onun Azərbaycan Ordusundan xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı məlumatını alır. Buna baxmayaraq 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qatılmaq üçün səfərbərlik xidmətinə dəfələrlə müraciət etmişdir. Eyni zamanda həmin dövrdə Tovuz rayonunun sərhəd kəndi olan Əlibəyli kəndində polisə dəstək qrupları ilə sərhəd yanı zolaqlarda növbələrə çıxmışdır.
Qeyd edək ki, 17 il vətənə xidmət etmiş sabiq hərbi qulluqçunun ordu sıralarına qayıtmaq mübahisəsinə Gəncə İnzibati Məhkəməsində baxılır.