Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri ilə bağlı qərarının tətbiqi barədə
FED.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür.
Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.