Vəkil Elçin Sadıqov Bakıda məhkəmə hakiminin ölmüş şəxsin ölkədən çıxışına qadağa qoyması barədə məlumat verib.
Məlumatda bildirilir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun 28.02.2022-ci tarixli qətnaməsi ilə 28 avqust 2021-ci il tarixdə vəfat etmiş şəxsin ölkədən çıxışına vergi orqanının ərizəsi əsasında qadağa qoyulub.
Vəkil vergi məbləğinin şəxsin ölümündən sonra hesablandığını və məhkəmənin şəxsin sağ olub-olmaması barədə araşdırma aparmadığını qeyd edib.
Mövzu ilə bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov ilə əlaqə saxladıq.
Bu barədə hakim Kənan Hüseynov FED.az-a açıqlamasında bildirib ki, elektron məhkəmə sistemində şəxsi sağ olaraq görürlər, onun vəfat etməsi haqqında sistemdə məlumat yoxdur:
“Bu halda iddia təmin olunur. Qanunvericiliyə əsasən, məhkəmə tərəfin iştirakı olmadan da işə baxıb qətnamə çıxara bilər. Yəni bu tip işlərdə müddət qısa olduğuna görə tərəfin iştirakı olmadan qətnamə çıxarıla bilir. Vergi orqanının ərizəsi əsasında şəxsin ölkədən getməsinin məhdudlaşdırılması xüsusi icraat qaydasında baxılan işlərə aiddir. Adi icraat qaydasından fərqli olaraq xüsusi icraat qaydasındakı işlərə qısaldılmış müddətə baxılır. Biz vətəndaşın harada olması, sağ olub-olmaması barədə sorğu verə bilmirik. Bu barədə məhkəməyə müraciət edən orqan araşdırma aparmalı idi. Vergi orqanı işi məhkəməyə göndərəndən sonra hakim sənədlərin qaydasında olub-olmadığını araşdırır”.
Hakim bildirib ki, məhkəmə elektron sistemə daxil olandan sonra şəxsin adına aktiv VÖEN və borcun hesablandığını görürsə, borcun olub-olmamasını Bakı Kommersiya Məhkəməsi araşdırmır: “Bu, Bakı İnzibati Məhkəməsinin səlahiyyətində olan məsələdir. Şəxs vergi borcundan narazı qaldığı halda, bunu inzibati məhkəmələrdə mübahisələndirməlidir”.
Hakimin sözlərinə görə, məhz bu tip işlərdə məhkəmə 10 gün ərzində işlə bağlı yekun qərar qəbul etməlidir: “Şəxsin ölkədən çıxışına qoyulan qadağa müvəqqəti xarakter daşıyır. Bu tip məhkəmə işlərində qarşı tərəfə elektron qaydada məlumat verilir və iş materiallarında olan qeydiyyat ünvanına bildiriş göndərilir. Lakin bəzi hallarda tərəflərdən biri prosesdə iştirak etmir".
Qeyd edək ki, vəfat etmiş şəxsin borcunun 5 min manatdan yuxarı vergi məbləği olduğu bildirilib.