Cinayət işinin başlanmasının rədd edilməsinə dair yeni hal müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif edilən yeni – 212.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə Mülki Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda, həmin məsələ bu Məcəllənin 212.4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll ediləcək.
Qeyd edək ki, Cinayət-Prosessual Məcəllənin 212.4.1-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.